Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana Rus dili üzrə Beynəlxalq Təşkilata qoşulmağı təklif edib.
O, təklifini Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında səsləndirib. Onun sözlərinə görə, aprelin 1-dən Soçi şəhərində təşkilatın katibliyi fəaliyyətə başlayıb:
"Azərbaycanı bu beynəlxalq təşkilata qoşulmağa dəvət edirik və hesab edirik ki, bu əməkdaşlıq humanitar sahədə əlaqələrin daha da genişlənməsinə töhfə verə bilər".
Qeyd edək ki, Rus Dili üzrə Beynəlxalq Təşkilat MDB məkanında rus dilinin mövqeyini möhkəmləndirmək, təhsil və mədəni əlaqələri inkişaf etdirmək üçün platformadır.
Rusiya tərəfindən Azərbaycan da daxil olmaqla bir çox ölkə bu təşkilata qoşulmağa dəvət edilib. Məqsəd rus dilinin beynəlxalq ünsiyyət vasitəsi kimi mövqeyini dəstəkləmək, təhsil və mədəniyyət sahəsində əməkdaşlığı təşviq etməkdir.
Təşkilatın yaradılması təşəbbüsü əsasən Qazaxıstan və Rusiya tərəfindən irəli sürülüb. Qırğızıstan da bu təşkilatın yaradılmasını dəstəkləyən ölkələr sırasındadır.
Azərbaycanın Rus dili üzrə Beynəlxalq Təşkilata üzlüyünə ehtiyacı varmı?
Məsələ ilə bağlı Respublikaçı Alternativ (REAL) Partiyasının sədri Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, əslində adıçəkilən təşkilatın nə işlə məşğul olduğunu Rusiyanın özü də anlamır:
“Bu təşkilat Rusiyanın xüsusi bir təbliğat maşınlarından biridirsə, Azərbaycan onsuz da bununla bağlı öz mövqeyini ortalığa qoyub. Azərbaycanda “Rusiya evi”nin bağlanması və ona uyğun olaraq da həmin təşkilatların ölkəmizdəki fəaliyyətində müəyyən məhdudlaşdırmanın olması ondan xəbər verir ki, Rusiya bu tipli təşəbbüslərdə səmimi deyil.
Birincisi, bu tipli təşəbbüsləri dövlət etməməlidir. Çünki dövlət etdikdə şübhə yaranır. Ola bilsin ki, hansısa sivil toplum quruluşları, teatrlar və yaxud akademik çevrələr ola bilər.
Bununla bağlı vətəndaşlardan gələn təşəbbüslərlə hansısa formatda müzakirə və əməkdaşlıq mümkündür. Rusiya-Azərbaycan universitetlərinin, akademiyanın və yaxud da teatrların bir-biri ilə əməkdaşlığı ola bilər. Ancaq bu dövlət səviyyəsində və israrla Rusiya tərəfindən təşviq və tələb olunursa, sual doğurur.
İkincisi, ikrah hissi yaradır, üçüncüsü isə ölkələr onlardan kənar qalmağa çalışır. Bu, birinci dəfə deyil. Overçukun Ermənistanla, Qazaxıstanla, Qırğızıstanla, keçmiş postsovet ölkələri ilə bağlı belə bir təklifi olub”.
N.Cəfərlinin fikrincə, bu təklifin altında yatan əsas məqsəd Rusiya maraqlarının həmin ölkələrdə yayılmasıdır:
“Rusiyadan gələn təklifin həmin ölkələrdə israrla qəbul etdirilməsinə çalışması, Qazaxıstan və Qırğızıstanın Azərbaycandan fərqli olaraq Rusiyadan çox asılı olması və nəticədə bəzi ölkələrin məcburiyyət qarşısında qalıb o təklifi qəbul etməsi, rəsmi Moskvanın niyyətinin heç də yaxşı olmadığından xəbər verir”.
REAL sədrinin sözlərinə görə, Azərbaycanda rus məktəblərinin olması normaldır:
“Ancaq bu məktəblər dövlət hesabına olmamalıdır. Əgər vətəndaş ingilis, fransız, rus dilində Azərbaycan Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi proqramlar əsasında pullu şəkildə təhsil alacaqsa, olsun. Özəl sektorda ola bilər. Mən bunun tamamilə qadağan olunmasının əleyhinəyəm. Çünki nə qədər xarici dil bilsək, vətəndaş, cəmiyyət olaraq bir o qədər yaxşıdır.
Rus dilinin özəlliyi ondan ibarətdir ki, Azərbaycanda rus dilini daha dərindən öyrənən mərkəzlər də olmalıdır. Çünki şimal qonşumuzdur, tarixən təhdidlər ala biləcəyimiz bir coğrafiyadır.
Ukrayna müharibəsindən sonra aqressiv davranmağı qarşısına məqsəd qoyan bir ölkədir. Bunu nəzərə alaraq rus dilində çıxan məlumatları analiz etmək, Rusiyada gedən prosesləri dərindən öyrənmək üçün rus dilini, rus dilini öyrənən mərkəzlərin olması vacibdir”.










