
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Medvedyev deyib ki, Rusiya Müdafiə Nazirliyinin açıqlamasını hərfi mənada qəbul etmək lazımdır: “Dronlar və başqa avadanlıqlar istehsal edən Avropa müəssisələrinin siyahısı Rusiya silahlı qüvvələri üçün potensial hədəflərin siyahısıdır. Zərbələrin nə vaxt reallaşacağı sonrakı addımlardan asılıdır. Rahat yatın, Avropalı tərəfdaşlar”!
- Bu çağırış, sadəcə, hədələyib qorxutmaqla kifayətlənəcək, yoxsa Avropada hədəfə alınmış obyektlərə hücum öncəsi son "xəbərdarlıq siqnalı"dır?
Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitriy Medvedev, demək olar ki, mütəmadi şəkildə hədələyici və sərt bəyanatlarla çıxış edir: “Onun ritorikası bir çox hallarda mərhum Vladimir Jirinovskinin siyasi üslubunu xatırladır və sanki həmin xəttin davamı kimi təqdim olunur. Avropa ölkələrinə yönəlik təhdidlər də bu davranış modelinin növbəti mərhələsi kimi qiymətləndirilə bilər”.
Politoloq bildirib ki, Rusiyanın Avropada dron istehsalı ilə məşğul olan müəssisələri hədəf kimi göstərməsi isə beynəlxalq hüquq baxımından qəbuledilməz yanaşma hesab olunur. Çünki Avropa ölkələrinin öz təhlükəsizliyini təmin etmək üçün bu istiqamətdə addımlar atması onların suveren hüququdur və bu cür səylər indiki təhlükəsizlik reallıqları fonunda zəruri xarakter daşıyır. Başqa sözlə, Avropa öz təhlükəsizliyini təmin etmək üçün bu yolu seçməkdə haqlıdır.
“Əgər məsələ Ukrayna kontekstində qiymətləndirilirsə, burada Avropa İttifaqı ilə Ukrayna arasında mövcud olan müttəfiqlik münasibətləri nəzərə alınmalıdır. Bu razılaşmalara uyğun olaraq Avropa İttifaqı Ukraynaya dəstək göstərir. Bu fonda belə bir sual ortaya çıxır: necə olur ki, Rusiya kimi böyük bir ölkə müxtəlif mənbələrdən, o cümlədən, insan resursları baxımından dəstək əldə edə bilir, lakin Ukraynanın Avropa İttifaqından hərbi dəstək alması mübahisə mövzusuna çevrilir? Bu yanaşma ziddiyyətli olmaqla yanaşı, həm də ciddi suallar doğurur”-deyə politoloq bildirib.
Zeynal Əmrəliyev vurğulayıb ki, başqa tərəfdən, silah istehsalı beynəlxalq hüquq normalarına uyğun olduğu halda hər bir dövlətin suveren hüququ hesab olunur: “Müəyyən olunmuş standartlara cavab verən silahların istehsalı, emalı və satışı dövlətlərin daxili işi sayılır. Bu sahəyə müdaxilə etmək və ya hədələyici bəyanatlarla çıxış etmək isə beynəlxalq münasibətlərdə qəbul edilən normalarla uzlaşmır və yolverilməzdir”.
“Üçüncü mühüm məqam ondan ibarətdir ki, mövcud reallıqlar fonunda Rusiyanın Avropa İttifaqı ilə genişmiqyaslı müharibəyə getməsi real görünmür. Belə bir ssenari həm region, həm də qlobal təhlükəsizlik üçün ciddi fəsadlara yol aça bilər. Ukraynada davam edən müharibənin uzunmüddətli xarakter alması da göstərir ki, Rusiya hələ də bu münaqişədə istədiyi nəticəni əldə edə bilməyib. Bu baxımdan, daha geniş miqyaslı qarşıdurma ehtimalı real deyil və bu cür bəyanatlar daha çox siyasi ritorika çərçivəsində qiymətləndirilir”-deyə politoloq qeyd edib.









