Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Moskvada danışıqlar aparmaq təklifini rədd edib və əvəzində onun Kiyevə çağırıb. Zelenski Putini “terrorçu” adlandırıb və onun ölkəsinin paytaxtına getməyəcəyini vurğulayıb.
Ukrayna lideri Putinin təşəbbüsünün əslində ikitərəfli görüşü təxirə salmaq məqsədi daşıdığını qeyd edib.
Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı deyib ki, Zelenskinin bu açıqlaması gözlənilən idi:
“Tarix boyu nadir hallarda müharibə tərəflərindən birinin rəhbəri rəqib ölkəyə gedib. Hətta uduzan tərəf olsa belə, buna yol verilməyib. Putinin təklifi “mən sona qədər gedəcəyəm”, “Zelenskini diz çökdürəcəyəm”, “Ukraynanı kapitulyasiya sənədinə imza atmağa məcbur edəcəyəm” mesajı idi.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) son sammitindən sonra Putinin bu cür davranacağı gözlənilən idi. Çünki həmin sammitdə ona kifayət qədər diqqət göstərildi. Xüsusilə, Şimali Koreya lideri ilə dünyaya verdiyi mesaj da unudulmamalıdır. Putinin Şimali Koreya hərbiçilərinə Ukrayna cəbhəsindəki “fədakarlıqlarına” görə təşəkkür etməsi də diqqət çəkdi. Bir sözlə, Kreml rəhbəri yenə də dünyaya meydan oxudu.
Hazırda Zelenski yalnız imitasiya xarakterli addımlar atır. Sonuncu Paris görüşü də Kiyevin meydanda tək qaldığını göstərdi. Bütün bunların kökündə isə ABŞ kimi bir supergücün, Avropa ölkələrinin, həmçinin NATO-nun Rusiya qarşısında aciz görünməsi dayanır”.