Kommersant.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət edən vətəndaşın şikayəti, ərizəsi və şəxsi məlumatları şikayət olunan şirkətə ötürülür. Daha sonra vətəndaşa şikayət olunan şirkətdən "bizdən niyə şikayət etmisiniz?" kimi təhdid dolu zənglər gəlir.
02.05.2025 tarixində "Caspos" şirkətindən daxili müqavilənin pozulmasına görə şikayətçi olan vətəndaş Odər Qəni sözügedən tarixdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə yazılı şikayət edir. Şikayət ərizəsi qeydə alındıqdan 8 gün sonra ərizə qeydə alınır. Qeydə alınan ərizədən 2 gün keçdikdən sonra isə "Caspos" şirkətindən "Bizdən niyə şikayət etmisiniz ki?" dolu zənglər gəlməyə başlayır. Ərizənin qeydə alınmasına baxmayaraq, məsələ öz həllini tapmır və vətəndaş şikayət ərizəsinin sorğu nömrəsi üzrə məsələnin gedişini öyrənmək istəsə də, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçinin sualını cavablandırmır və müxtəlif əlaqə nömrələri verərək "Bu nömrə ilə əlaqə saxlayın" deyir. Məsələ burasıdır ki, verilən heç bir əlaqə nömrələri vətəndaşın telefonunu açmır.
Bu yazını poeziya ilə doldurub uzun-uzadı yaza bilərdik. Məsələ burasıdır ki, sözügedən dövlət qurumunun İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektoru da jurnalistlərin telefonuna cavab vermir. Hətta məsələ ilə bağlı 2 dəfə rəsmi mail göndərməyimizə baxmayaraq, ona da cavab ala bilməmişik. Güman edirik ki, dövlət qurumu vətəndaşları şirkətlərə satmazdan əvvəl vicdanla qərar verib, ona görə addım atar.
Qeyd edək ki, media nəzakəti olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.