1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin fəal, iddialı və istedadlı gənclərinin siyasi partiyalara kütləvi axını müşahidə olunmağa başladı. Həmin dövrdə mövcud siyasi konyukturanın əsas tələbi də bu idi. Əvvəllər partiyalar ideoloji-siyasi mərkəz funksiyasını yerinə yetirməklə yanaşı, dövlət idarəçiliyi və mühüm ictimai vəzifələr üçün fundamental kadr bankı rolunu da oynayırdı. Xüsusilə, YAP, AMİP və Musavat ölkənin kadr siyasətində əhəmiyyətli rol oynayıb. Siyasi partiyalarda ideoloji və idarəçilik baxımından formalaşan insanlar müxtəlif sahələrdə vitrinə daşınırdılar. Xüsusilə, YAP-ın bütün ideoloji qanadları məhz bu məqsədə xidmət edirdi. AMİP və Musavat partiyalarının üzvləri hakimiyyətin ən üst eşalonunda təmsil olunurdular. Köhnə komandanın üzvləri hesab olunan bu şəxslər indi də mühüm postlar tutublar.
Amma son dövrlərdə siyasi partiyalar kadr platforması kimi funksiyasını tamamilə itirib. Hazırda bu funksiyanı özəl və korporativ şirkətlər yerinə yetirir və kadrlar əsasən menecment bacarığı olan, konkret sahə üzrə biliklərə sahiblənən - texnologiya, iqtisadiyyat, maliyyə, hüquq və s. sahələrdə ixtisaslaşmış şəxlərdən seçilir.
Dünya sürətlə dəyişib, heç bir ölkə qlobal proseslərdən kənarda qala bilmir, fərqli tələblər formalaşıb, məzmun və formanın vəhdəti problemə çevrilib.
2010-2020-ci illərdə siyasi partiyaların fəaliyyəti daha çox icazəli mitinqlərlə və seçkidən seçkiyə mövsümi aktivlikliklə müşahidə olunurdusa, II Qarabağ müharibəsindən sonra siyasi partiyalar həm kadr platforması kimi rolunu itirdi, həm də faydalı karyera platforması kimi imkanlardan məhrum oldu.
Əslində kadr məsələləri iqtidar-müxalifət arasında təbii və əsl dialoq rolunu oynayırdı. Sonradan isə dialoqun fərqli platformaları meydana çıxdı.
Bu gün gənclərin özəl sektora üz tutmasının əsas səbəblərindən biri də budur - gənclər partiyalarda faydalılıq əmsalı görmür, partiyalar təsir imkanlarını itirib, struktur baxımından şikəst haldadır, özəl sektor daha böyük maaş və karyera fürsəti yaradır. Öz sektorda siyasi iddialar olmadığına görə, kadrların texnokrat bacarıqlarına - konkret sahə üzrə biliklərinə görə sürətlə irəliləməsi də mümkün olur.
Hansı təbəqənin daha faydalı olacağını zaman, təcrübə və müşahidələr göstərəcək.
Müəllif: Samir Feyruzov
"DİA-AZ"