Azərbaycan və Türkiyə orduları lazım gələrsə bir ordu kimi hərəkət etməlidirlər
“Report” xəbər verir ki, bunu Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı “Yeni geosiyasi reallıqların Türkiyə-Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər" mövzusunda keçirilən dəyirmi masada bildirib.
Onun sözlərinə görə, Qarabağ məsələsini həll etmək keçmişlə vidalaşmaqla yanaşı, həm də yeni risklərlə qarşılaşmağa hazır olmaq demək idi.
"Təbii ki, zəfər qazanmış bir dövlət yeni risklərə də hazır olmalıdır. Bu risklər həm ikitərəfli münasibətlərlə, həm də kənar müdaxilələrlə bağlıdır"
Ekspert deyib ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri müdafiə, enerji sahəsində əməkdaşlıq başda olmaqla bir çox istiqamətlərdə inkiaşf etdirilir:
"Ordu modelləri eyniləşdirilir. Fikrimcə, müasir beynəlxalq münasibətlər sistemində ayrı ordulara sahib olmaq, amma lazım gəldikdə bir ordu kimi hərəkət etmək potensialına sahib olmaq önəmlidir. Bu, riskləri azaltmağa və imkanları artırmağa xidmət edir”.
A.Aslanlı daha sonra Zəngəzur dəhlizindən söz açaraq bunun həm psixoloji, həm də regional sülh quruculuğu baxımından problemləri aradan qaldıran bir məsələ olduğunu vurğulayıb.