Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin sabiq sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin sabiq üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Əsgəran Muradov çıxış edib.
O, müdafiə etdiyi şəxsə yüngül cəzanın verilməsini xahiş edib.
Təqsirləndirilən şəxslər son söz deyib.
Daha sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən, Zaur Əsgərov 5 il 6 ay, Gündüz Mirzəyev isə keçmiş hökmünün çəkilməmiş cəzası da əlavə olunmaqla ümumilikdə 5 il 7 ay 2 gün müddətinə azadlıqdan məhrum edilib.
Onlar cəzalarını ümumi rejimli cəza çəkmə müəssisəndə çəkəcəklər.
Xatırladaq ki, dövlət ittihamçısı Rauf Malışov təqsirləndirilən Zaur Əsgərov və Gündüz Mirzəyevin hrə birinin 7 il, müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. İstinaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.