Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasındakı çıxışında Avropadakı daşnakları hədəf alan açıqlama ilə çıxış edib. Baş nazir bildirib ki, hakimiyyətdəki sabiq məmurların maraqlarını müdafiə edən bu daşnaklar Ermənistandakı mövcud hakimiyyəti gözdən salmaq üçün hər cür vasitədən istifadə edir, Fransa saytlarında heç bir əsası olmayan məlumatlar yayımlayırlar. Paşinyan bildirib ki, Fransada bu cür saytların yaradılması cəmi 3 avro və bir həftə vaxt tələb edir:
“Onlar artıq quldur, əclaf olduqlarını gizlətməyə çalışmırlar. İndi qarşılarına başqa məqsəd qoyublar - baş nazirin onlarla eyni olduğunu göstərmək. Deyirlər, baxın, baş nazir Fransada üç milyon avroya ev alıb. Məsələn, Fransada bir-iki daşnak var, 3 avroya bir həftəyə sayt açıb orda hər cür cəfəngiyyat yazırlar”.
Göründüyü kimi, Paşinyan Ermənistanın keçmiş rəhbərliyinin ona qarşı böhtan kampaniyasında Fransa mediasının iştirak etdiyini bildirib. Paşinyanın dediklərindən anlaşılır ki, Fransa mediasında həqiqətdən uzaq məlumatların yer alması artıq ənənəyə çevrilib və bu cür yalan məlumatların işıqlandırılması heç bir məlumat doğurmur.
Paşinyan bu açıqlaması ilə Ermənistanın sabiq rəhbərlərini və hökumət üzvlərini, eləcə də onların Avropadakı əlaltılarını hədəf alsa da, əslində bu açıqlama daha çox Fransanı, Fransa mətbuatını ifşa edən açıqlama hesab edilə bilər. Çünki Ermənistanın baş naziri məlum çıxışı ilə Fransanı qondarma mətbuatın vətəni kimi təqdim edib, Fransa mətbuatında istənilən yalanın asanlıqla ayaq açıb yeridiyini vurğulayıb. Paşinyan bununla Fransa mətbuatının etibarsız və təxribatçı olduğunu etiraf edib və bununla fərqində belə olmadan rəsmi Parisi “ürəyindən vurub”.
Ermənistan baş nazirinin Fransa mediası ilə bağlı çıxışı, həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi sözlərinin təsdiqi baxımından da diqqət çəkir. Xatırladaq ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında Fransa mediasını yalan, əsassız, böhtan xarakterli məlumatlar dərc etməkdə ittiham edib. Ötən gün Paşinyanın eyni ittihamla çıxış etməsi Ermənistan baş nazirinin Prezident İlham Əliyevin səsləndirdiyi həqiqətləri təsdiqlədiyini göstərir. Və Paşinyan bu açıqlaması ilə növbəti dəfə sübut edir ki, Azərbaycan Prezidentini hər zaman hər kəs, hər bir dövlət haqqında yalnız və yalnız həqiqəti dilə gətirir və Fransa da bu məsələdə istisna deyil.
moderator.az