“SpaceX” aerokosmik şirkəti Amerika Milli Aeronavtika və Kosmik Fəza Tədqiqatları İdarəsi (NASA) tərəfindən insanların və yüklərin Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatdırılması üçün geniş istifadə olunan “Dragon” kosmik gəmilərini istismardan çıxarmağa başlayacaq.
“Report” xəbər verir ki, bu barədə şirkətin sahibi İlon Mask X sosial şəbəkəsində yazıb.
“Prezident [ABŞ Prezidenti Donald Tramp] tərəfindən dövlət müqavilələrimin ləğv edilməsi ilə bağlı bəyanatı işığında “SpaceX” dərhal “Dragon” kosmik gəmisini istismardan çıxarmağa başlayacaq”, – sahibkar qeyd edib.
Tramp əvvəllər bildirmişdi ki, “büdcədə pula qənaət etməyin ən sadə yolu Maskın dövlət subsidiyalarını və müqavilələrini dayandırmaqdır”.
Qeyd edək ki, “Dragon” nəqliyyat kosmik gəmisi “SpaceX” şirkəti tərəfindən NASA-nın “Commercial Orbital Transportation Services” (COTS) proqramı çərçivəsində hazırlanıb və BKS-ə faydalı yükün çatdırılması və onun Yerə qaytarılması üçün nəzərdə tutulub.
“Dragon” dünyada BKS-dən yükləri Yerə qaytaran yeganə yük kosmik gəmisidir. Bu aparatın istismardan çıxarılması NASA-nın BKS-dəki missiyalarına ciddi təsir göstərə bilər.