“2 qardaşım işgəncə ilə öldürülüb, 3-cü qardaşım o cəlladların əlindədir. Onların hazırda qaçırdıqları qardaşım ziyalıdır, uzun müddət Azərbaycanda rus dili müəllimi olaraq çalışıb”.
Bu sözləri Globalinfo.az-a ötən gün Rusiyada OMON-un basqını zamanı iki qardaşı qətlə yetirilən ədəbiyyatşünas Seyfəddin Hüseynli deyib.
O bildirib ki, bu aktda xüsusi qərəz var:
“Qardaşlarım mədəni insanlardır. Hər kəs onlar haqqında yüksək fikirdədirlər. Bu, şəxsi məsələ deyil. Qardaşlarım Azərbaycanın layiqli övladları idi, orada da diasporamızın çox qeyrətli üzvləri idi. Bunlar gözdağı vermək üçün edilir. Rusiya tərəfi hadisəni kriminal əməllə pərdələməyə çalışır. Guya 25 il əvvəl olmuş hadisəyə görə bunu ediblər. Bu isə hər zaman olduğu kimi, onların iyrənc sifətini ortaya qoyur”.
S.Hüseynli deyib ki, Rusiya işgəncə faktını danır:
“Şahidlər deyirlər ki, qardaşlarım işgəncə ilə öldürülüblər. Soydaşlarımız əsir kimi saxlanılır. Açığı rəsmi səviyyədə mövqe gözləyirəm. Düzdür, orada konsulluq nümayəndəmiz fəaliyyət göstərir, məsələ ilə ciddi şəkildə maraqlanıblar. Amma daha fəal mövqe istəyirəm ki, digər insanlarımıza da dəstək olunsun. Nə qədər azərbaycanlıları orada əsir kimi saxlayırlar, bir çoxları xəstəxanadadır”.
Ədəbiyyatşünas qardaşlarının ailə üzvlərinə də işgəncə verildiyini qeyd edib:
“Evə basqın edib, oraları dağıdıblar. Ailə üzvlərini, qadınları döyüblər, telefonları əllərindən alıblar, pul tələb ediblər. Bunlar deyirlər, 25 il əvvəlki hadisəyə görə basqın ediblər, halbuki döydükləri cavan uşaqların çoxu dedikləri vaxt dünyaya gəlməmişdi. Onları da döyüblər, işgəncə veriblər. Bir qismini sonradan buraxıblar, bir qismi isə onların əlindədir”.