Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində daha iki iri tenderə yekun vurub.
FED.az xəbər verir ki, hər iki tenderin qalibi “Fərid” firması (VÖEN: 6200016771) olub.
İlk satınalma çərçivəsində “Fərid” firması respublikanın müxtəlif bölgələrində yerləşən məktəbəqədər təhsil müəssisələrində təmir, abadlıq və kommunal-kommunikasiya işlərini həyata keçirəcək. Bu layihənin ümumi dəyəri 9 milyon 667 min 88 manat 57 qəpik təşkil edir.
İkinci müqavilə isə oxşar mahiyyət daşıyır. Burada da söhbət məktəbəqədər təhsil müəssisələrində kommunal-kommunikasiya, abadlıq və təmir tədbirlərinin görülməsindən gedir. Bu layihənin dəyəri isə 9 milyon 807 min 238 manat 46 qəpikdir.
Beləliklə, ümumilikdə “Fərid” firması Təhsil Nazirliyi ilə iki müqavilə çərçivəsində təxminən 19,5 milyon manatlıq iş görəcək.