Son günlər uşaq bağçalarında baş verən insidentlər, azyaşlıların xəsarət alması, təhlükəsizlik standartlarına əməl olunmaması cəmiyyətdə ciddi narahatlıq doğurub. Xüsusilə özəl bağçalarda baş verən hadisələrdən sonra bu müəssisələrin fəaliyyətinə nəzarətin səviyyəsi sual altına düşüb. Valideynlər övladlarını etibar etdikləri müəssisələrdə lazımi diqqət və təhlükəsizlik təminatının olmamasından şikayətlənirlər. Nəzərə alsaq ki, Özəl bağçalarda maaş da yüksək olur, komfort da var ancaq hər gün bir şiddət, qalmaqal videosu ilə rastlaşırıq.
Son qalmaqallardan sonra bağçalara nəzarət gücləndiriləcəkmi? Bunun üçün hansı addımlar atılmalıdır? Baxçaya müəllim işçi seçərkən nələrə diqqət yetirmək lazımdır?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən fəlsəfə doktoru, gənc alim, doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, uşaq baxçalarında, xüsusilə özəl məktəbəqədər təhsil müəssisələrində mövcud durum qəbuledilən deyil.
İlqar Orucovun sözlərinə görə, təkcə özəl təhsil müəssisələrində deyil, hətta dövlət tabeliyində olan məktəbəqədər təhsil müəssisələrində də xoşagəlməz vəziyyəti müşahidə etmişik.
Ekspert qeyd edib ki, təhsili müəssisələrində çalışan hər kəs öz məsuliyyətini dərk etməlidir. Nəzərə alsaq ki, bu müəssisələrdə xidmət göstərdikləri şəxslər azyaşlılardır. Onlar həm də dövlətimizin gələcəyidir. Bu baxımdan uşaqlara göstərilən şiddət hüquqi məsuliyyət yaradır. Xüsusilə, məktəbəqədər təhsil müəssisələri adı altında son illərdə xeyli sayda özəl müəssisələr yaradılmışdır. Mən bu müəssisələrin olmasının əley deyiləm. Hərçənd ki, təhsili biznesə çevirməyin əleyhinəyəm. Hesab edirəm ki, alternativlər üçün imkan yaradılmalıdır. Bu həm də rəqabət mühitini formalaşdırır. Amma məsələnin mahiyyətində dayanan odur ki, bir çox iş adamları sadəcə olaraq təhsilə qazanc mə kimi baxdıqları üçün keyfiyyət 2-ci planda yer alır. Bu yolverilməzdir. Həm də xeyli sayda uşaq inkişaf mərkəzi fərqli adlar altında olan müəssisələr var ki, heç onların lisenziyaları belə yoxdur. Ölkəmizdə bu boşluqdan istifadə edən xeyli işbazlar meydana gəlmişdir. Onlar hətta təhsili bilən insanları müəssisələrinə cəlb etmirlər. Nəticədə isə eybəcər hallar yaranır. Zamanla bu sahədə xeyli qanunsuzluqlar olub. Aidiyyəti olmayan insanlar işə qəbul olunublar. Məsələ bundan ibarətdir ki, mütləq şəkildə nəzarət olmalıdır. İstənilən fəaliyyət sahəsinə dövlətin nəzarəti həyata keçirilməlidir.
Ekspert sonda vurğulayıb ki, dövlətin tabeliyində olan məktəbəqədər təhsil müəssisələri kifayət qədər azdır. Bu iş maliyyə tutumu tələb etdiyindən qısa müddətə bu müəssisələri aça bilmirik. Ona görə də alternativ olaraq özəl müəssisələr istədikləri kimi fəaliyyət göstərirlər. Hətta uşaqlara verilən qidaların keyfiyyəti də sual altındadır. Dövlət tərəfindən monitorinqlər keçirilməlidir.