Gəncə Apellyasiya Məhkəməsində Tovuz rayonunda fərdi yaşayış evindən 2800 manat nağd pul və ümumi dəyəri 500 000 manata yaxın olan qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilən - Nemət Abbasov, Elşad Cəfərov, Zaur Əliyev, Asif Məmmədov, Anar Abbasov və Elvin Mirzəyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayətləri qismən təmin edilib, onların hər birinin cəzalarının müddəti 6 ay, 1 il və 2 il azaldılıb.
Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Əliyev 6 il 6 ay, Nemət Abbasov 6 il 11 bir ay 3 gün, Elşad Cəfərov 5 il 10 ay 25 gün, Asif Məmmədov 5 il 10 ay 27 gün, Elvin Mirzəyev 4 il 5 ay 20 gün, Anar Abbasov 3 il 4 ay 25 gün müddətinə həbs edilmişdi.
Qeyd: 2021-ci ilin dekabr ayında oğurluğu törətməkdə şübhəli bilinən Tovuz rayonunun Əyyublu kənd sakinləri - Nemət Abbasov, Elşad Cəfərov, Zaur Əliyev, Asif Məmmədov, Anar Abbasov və Elvin Mirzəyev saxlanılıblar.
Aparılan araşdırma zamanı müəyyənləşib ki, cinayətin həyata keçirilməsi üçün maneələri aradan qaldıran şəxs zərərçəkmiş Ceyhunun bacısı oğlu Elşad Cəfərov olub.
Elşad Cəfərov ifadəsində bildirib ki, dayısı Ceyhunun evindən oğurluq etmək barədə əvvəlcədən Zaur Əliyev və Nemət Abbasov tərəfindən plan qurulub. Sonra Elşad Cəfərov Zaurun oğurluq təklifi ilə razılaşıb. O, dayısı və onun həyat yoldaşı Könülün başqa yerdə olduqlarını əvvəlcədən bilib və onların övladları Elməddini öz yanına dəvət edərək cinayətkar qrupa evin boş olması barədə məlumat verib.
Nəticədə təqsirləndirilən şəxslər evə daxil olaraq, yataq otağından ümumi dəyəri 376460 min manat olan içi qızılla dolu əl çantasını götürüb Bakıya qaçıblar. Həmçinin evdən 2800 manat nağd pulu da oğurlayıblar.
Cinayətkarlar qızılları əridərək külçə halında Bakıda satıblar və pulunu aralarında bölüblər. Nemət Abbasov, Zaur Əliyev, Asif Məmmədov, Anar Abbasov və Elvin Mirzəyev əldə etdikləri pulla özlərinə avtomobil alıb, qalan pulları isə digər ehtiyaclarına xərcləyiblər.
Təqsirləndirilən şəxslər zərərçəkmiş Ceyhunun bacısı oğlu Elşad Cəfərova 34 min manat "zəhmət haqqı" veriblər. Qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq törədən dəstə üzvləri əldə etdikləri pulların 30 min manatını kazinoda uduzublar.
Üç il ərzində aparılan araşdırma zamanı təqsirləndirilən şəxslər zərərçəkmişə dəyən zərərin əksər hissəsini qaytarıblar.