Hazırda kənd təsərrüfatı məhsullarının ən bol və ucuz dönəmidir. Lakin yaxın aylarda qiymətlər yenidən “əl yandıracaq”. Çünki qıtlıq olacaq. Amma indi fermerlərin məhsulları sahələrdə qalıb. Xiyarın kisəsi 1 manata, soğanın kisəsi 5-6 manata satılır. Hələ meyvəni demirik. Çox ucuz olması səbəbi ilə fermerlər davamlı yığım aparmırlar və məhsul sahələrə tökülüb zay olur.
Bəs iri şəhərlərdə qiymətlərin gündə bir “hava çaldığı” zamanda kəndlərdə məhsullar niyə zay olub gedir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, belə acınacaqlı vəziyyətin yaranmasının müxtəlif səbəbləri var:
“Əsas səbəb odur ki, biz bazar münasibətlərini tam mənimsəməmişik. Baxın, liberal bazar iqtisadiyyatında belə bir şey yoxdur ki, əkən hökmən satmalıdır. Əkmək tamamilə başqa xidmətdir, satışını təşkil etmək tamamilə başqa fəlsəfədir.
Onun öz qaydaları var. Nəzərə alaq ki, ölkədə təxminən 1 milyon 300 min istehsalçı var. Amma onların heç də hamısı satıcı deyil. Ona görə də məhsullar bir qayda olaraq sahələrdə qalıb, zay olur. Planlı iqtisadiyyatdan imtina etdiyimiz üçün artıq dövlət tədarükçü simasında çıxış etmir. Bu funksiyanı “alverçi” deyilən zümrə həyata keçirir.
Lakin “alverçi”lərin də imkanı geniş deyil. Onlar qlobal bazara girə bilmir. Hazırda ölkəmizdə ticarət obyektləri əsasən iri şəbəkələrin əlində cəmləşib. Ticarət şəbəkələri də “alverçi”dən qabaqcadan depozit istəyir.
Bu depozitin həcmi kifayət qədər böyük olduğu üçün heç də hər kəs bu işə girişə bilmir. Küçə ticarəti də ləğv olunub. Yarmarkalar dayandırılıb. “Kolxoz” bazarları da ləğv olunub. Bu və digər səbəblərdən fermerlərin və “alverçilərin” böyük bazarlara çıxışı məhdudlaşıb”.
Nə etməli?
Müsahibimiz çıxış yolu kimi bunları söyləyib:
“Bu gün dövlət fermerə subsidiya veirir. Bu subsidiya da o qədər effekt vermir. Çünki subsidiyanın yalnız 25 faizini fermer nağdlaşdıra bilir. Qalan 75 faizə isə fermer ancaq xidmət satın ala bilər.
Məsələn, mineral gübrə, texnikanın icarəsi və sair. Bu xidməti almaq üçün bəzi fermer 40-50 kilometr yol qət etməli, növbəyə yazılmalı və sair. Bu qədər əziyyətə də hər fermer qatlaşa bilmir və ayrılan subsidiyanın taleyi qaranlıq qalır. Yaxşı olar ki, dövlət subsidiyanı ləğv etsin. Əvəzində fermerə dövriyyə vəsaiti versin.
Yaxud fermerin istehsal etdiyi məhsulu alsın. Axı, dövlətin əli uzundur. Dövlət istəsə fermerin məhsulunu alıb anbarlara vurar, sonrakı aylarda bazara çıxara bilər. Ya da ki, məhsul tədarük edilib xaricə ixrac edilər.
Hər iki variantın həlli üçün ölkəmizdə hüquqi və maliyyə əsasları var. Nəzərə alaq ki, Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Aqrar Tədarük və Təchizat ASC fəaliyyət göstərir. Bu qurumun imkanlarını bir qədər genişləndirməklə danışdığımız problemi asanlıqla həll etmək olar. Əks təqdirdə fermerlərin şikayətini hələ çox eşidəcəyik”.