Son günlər Rusiya tərəfindən Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazaya hərbi texnika, silah-sursat və digər logistika avadanlıqlarının daşınması ilə bağlı məlumatlar ictimai diqqəti cəlb edib. Sosial mediada və bəzi media qurumlarında yayılan bu informasiyalar regionda gərginliyin artması ehtimalını gündəmə gətirib.
Erməni mediasının yazdığına görə, hər gün bazaya hərbi yükün olduğu bir neçə təyyarə enir. Tədarüklərin məqsədi məlum deyil, lakin müxtəlif fərziyyələr irəli sürülür. Versiyalardan birinə görə, Moskva bununla regionda mümkün dəyişikliklərə hazırlaşır. "Hraparak" qəzeti yazıb ki, Ermənistan hakimiyyəti baş verənlərdən xəbərdardır, lakin vəziyyəti açıq şəkildə şərh etmir. Ümumən bildirilir ki, məqsəd Kremlin Cənubi Qafqaz ölkələrinə hərbi-siyasi təzyiqini artırmaqdır. Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazası 1995-ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir: "İlkin olaraq Ermənistanla Rusiya arasında hərbi əməkdaşlıq haqqında saziş 25 il müddətinə bağlanıb. 2010-cu ildə Rusiya prezidentinin İrəvana səfəri zamanı müqavilənin müddəti daha 49 il - 2044-cü ilə qədər uzadılıb. 102-ci hərbi baza Rusiya Federasiyasının Şimali Qafqaz hərbi dairəsinin Qafqazdakı Qoşun Qruplaşmasına tabedir. Bazada digər silah və hərbi texnika ilə yanaşı, S-300 zenit-raket kompleksi və Miq-29 qırıcıları da var. Bazanın şəxsi heyəti 4 mindən çox hərbi qulluqçudan ibarət idi. Əgər Moskva həqiqətən də, təyyarələrlə canlı qüvvə və hərbi texnika daşıyırsa, onda bazanın potensialı daha da artmaqdadır. Bəzi erməni ekspertlər hesab edirlər ki, Rusiya tərəfindən 102-ci hərbi bazanın gücləndirilməsi Paşinyanı devirmək məqsədi daşıyır”.
Yerli politoloqlar da hesab edir ki, Rusiyanın Ermənistana silah daşıması regional sabitlik baxımından ciddi təhdidlər yaradır.
Araşdırmaçı-jurnalist Asəf Quliyev isə Sherg.az-a açıqlamasında bildirib ki, Rusiyanın bu addımı onun Cənubi Qafqazda mövqelərini itirmək istəməməsi ilə bağlıdır. Onun sözlərinə görə, Moskva, əksinə, regiondakı hərbi-siyasi təsirini qorumağa və mümkün qədər möhkəmləndirməyə çalışır. 102-ci hərbi bazada müşahidə edilən hərbi aktivlik də bu strategiyanın bir hissəsi olaraq qiymətləndirilə bilər:
"Rusiya Cənubi Qafqazdakı təsirini itirmək istəmir və bu səbəbdən müxtəlif manevrlərə əl atır. Gümrüdə yerləşən 102-ci hərbi bazaya təyyarələrin enməsi, silah-sursatın daşınması da bu manevrlər çərçivəsində dəyərləndirilməlidir. Lakin bu hərəkətliliyin arxasında Rusiyanın regionda hərbi eskalasiyaya getmək niyyəti olduğunu düşünmürəm. Hazırda Rusiya Ukrayna cəbhəsində ciddi insan resursu çatışmazlığı ilə üzləşib və bu səbəbdən Cənubi Qafqazda genişmiqyaslı hərbi əməliyyat keçirmək gücündə deyil. Canlı qüvvə olmadan Rusiya regionda hər hansı real hərbi təzyiq göstərmək imkanlarını xeyli dərəcədə itirmiş vəziyyətdədir. Rusiya daha çox regional təsir imkanlarını qorumaq və Ermənistan üzərindəki nəzarəti itirməmək məqsədi güdür”.
Azərbaycan kontekstində vəziyyəti şərh edən A.Quliyev bildirib ki, 102-ci hərbi bazaya silah və texnika daşınmasının ölkəmiz üçün birbaşa təhlükə yaratması ehtimalı çox zəifdir. Tarixi və coğrafi reallıqlar nəzərə alındıqda, Azərbaycanın Rusiya tərəfindən hərbi təzyiqə məruz qalması bu gün üçün real görünmür:
"Artıq nə sovet dövründəki kimi 11-ci Qızıl Ordu şimal sərhədlərimizdən Azərbaycana yol ala bilər, nə də Gümrüdəki 102-ci hərbi baza qərb sərhədlərimizə real təhlükə yarada bilər. Azərbaycanın müdafiə qabiliyyəti və geosiyasi mövqeyi bu tip təhdidlərə qarşı kifayət qədər dayanıqlıdır. Rusiyanın bu gün Azərbaycana təsir etmək üçün istifadə edə biləcəyi yeganə vasitə Rusiya ərazisində yaşayan azərbaycanlılardır. Son 1-2 ay ərzində bu məsələ ilə bağlı yaşanan bəzi insidentlər də faktiki mesajlardır. Azərbaycan tərəfinin isə bu məsələdə strateji təmkin nümayiş etdirməsi vacibdir. Azərbaycan xalqı olaraq bu mərhələni də arxada qoyacağıq. Azərbaycanın mənafelərinə və milli maraqlarına ən az zərər toxunacaq şəkildə problemin həll ediləcəyinə ümid edirəm”.