Alyaskada baş tutan Tramp-Putin görüşü qloballaşma nağılının növbəti çöküşü oldu. Putin görüşdə heç bir güzəştə getmədi, əksinə, formal iştirakla dialoq tərəfdarı imicini yaratdı, bol-bol şəkil çəkdirdi, media ilə yumşaq desək zarafatlaşdı və ehtimal olunan sanksiyalar mövzusu gündəlikdən çıxdı. Trampın hədə-qorxusu isə özünə qaldı, üstəlik, yaxın gələcəkdə Moskvaya səfərə getməli olacaq…
Böyük güclər tarix boyu bütün dünyanı qloballaşma xəyalları ilə aldadaraq, inandırmağa çalışıblar ki, sərhədlər, milli maraqlar və dövlət gücü köhnə düşüncədir.
Amma elə yaxın tarixdə yaşanan pandemiya bəlası sübut etdi ki, bütün bunlar illüziya imiş: böhran anında hər kəs əvvəlcə özünü düşünür, sərhədlər bağlanır, beynəlxalq təşkilatlar iflic olur. Hətta oğru olur…
Ukrayna–Rusiya müharibəsi isə bu aldadıcı teatrın daha bir səhnəsi oldu. Növbəti dəfə təsdiq olundu ki, böyük güclər üçün prioritet ədalət yox, imperialist və geosiyasi maraqlardır. Təcrübə göstərdi ki, işğalçı dövlətin lideri yüksək səviyyədə qəbul edilir, nazı ilə oynanılır, işğala məruz qalan tərəf isə təzyiqə məruz qalmaqla, təslimçi sülhə məcbur edilir. Səbəb aydındır: dünya bölünüb, hərənin öz “kontor”u var…
Tarix boyu BMT Təhlükəsizlik Şurasında bəzi qətnamələrin illərlə icrasız qalması, vetolarla zərərsizləşdirilməsi, əvəzində isə bəzi sənədlərin 2 saat ərzində icrası sübut edir ki, qloballaşma hekayəsi yalnız kağız üzərində gözəl görünür, real həyatda isə dövlətlərin öz gücü vacibdir. NATO və digər hərbi-siyasi ittifaqlar belə məqamlardakı mövqeyi və real təsir imkanları müasir beynəlxalq münasibətlər elminin əsas tədqiqat sahələrindən biri olmalıdır…
Tarixi presedentlər – 1938-ci il Münhen razılaşması və 2022-ci ildə Ukrayna böhranı sübut edir ki, “sakitləşdirmə siyasəti” işğalçını cəsarətləndirir, qurbanı isə zəiflədir. Uzun illər Azərbaycan da bu ikili standartlara məruz qalıb, beynəlxalq qurumların çağırış və bəyanatları heç bir real nəticə verməyib. Ölkəmiz yalnız güclənərək, siyasi iradə və hərbi qüdrətini artıraraq problemlərini özü həll etdi.
Bu günün reallığı sübut edir ki, milli maraqlara əsaslanan siyasət, dayanıqlı iqtisadiyyat və güclü ordu dövlətin suverenliyinin yeganə təminatçısıdır.
Fərid Şahbazlı
Siyasi şərhçi - editor.az