Son dövrlərdə Azərbaycan–ABŞ münasibətləri yeni və daha dinamik mərhələyə qədəm qoyub. Xüsusilə Prezidentin köməkçisi Hikmət Hacıyevin ABŞ-a səfəri və onun nəticələri bu prosesin strateji dərinlik qazandığını göstərir.
Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, ABŞ Dövlət Departamenti hələ Co Baydenin prezidentliyi dövründə, 2022-ci ilin 7 aprelində Azərbaycana nisbətdə İnteqrasiya edilmiş Strategiya adlı sənədi təsdiq edib:
“Bu sənəd Azərbaycanla əlaqələrdə güclü tərəfləri vurğulasa da, zəif qalan bəndlər də var idi. Ümumilikdə isə bu sənəd Cənubi Qafqazda geosiyasi nizamı əsaslı surətdə dəyişən Azərbaycanın strateji maraqlarına inteqrasiya edilmiş konsepsiya idi.
Hərçənd ki, Co Bayden ABŞ-dakı erməni lobbisinin gözünə xoş görünmək və Ukraynadakı müharibənin gedişatında Ermənistanı Azərbaycan üzərindən Rusiyaya qarşı ikinci cəbhə kimi formalaşdırmaq üçün genişmiqyaslı səylər göstərdi. Bu, əslində ABŞ-ın Azərbaycanla strateji əməkdaşlığına xələl gətirən tendensiyaların davam edəcəyinə işarə idi. Lakin Donald Trampın hakimiyyətə gəlməsi ilə vəziyyət dəyişdi və ABŞ-ın xarici siyasət strategiyasında Azərbaycanla strateji əlaqələr yenidən praktiki şəkildə canlandı.
Bu, ABŞ-ın beynəlxalq prestijini Donald Tramp, daha dəqiq desək, ölkənin dərin strategiyası ilə müəyyənləşdirən aktların bir hissəsidir. Yəni ABŞ Azərbaycanla əlaqələrə beynəlxalq nizam üçün Ağ Evin təsbit edəcəyi prinsiplərin elementi kimi baxır”.
Analitik deyib ki, Ağ Evin yenilənmiş strategiyası, o cümlədən Azərbaycanla əlaqələr Bakının regional mövqelərdə srateji qərarlaşmasını asanlaşdırır:
“Başqa sözlə, ABŞ ilə əvvəldən olan təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq, bunun Tramp dövrü üçün yenilənmiş variantı Azərbaycanın strateji genişlənmək istəyini əks etdirməsi ilə üst-üstə düşür.
Azərbaycan da ikitərəfli əlaqələrdəki strateji prioritetlərin təzələnməsi və onun uzunmüddətli olmasını təmin etmək baxımından Trampın hakimiyyət dövrünə fürsət pəncərəsi kimi baxır. Prezidentin köməkçisi, cənab Hikmət Hacıyevin 907-ci düzəlişin ləğvinin vacibliyini önə çəkməsi Azərbaycanın Tramp administrasiyası dövründə nail olmaq istədiyi mühüm məqamı əks etdirir. Bu məsələ Azərbaycanla ABŞ arasında perspektiv hərbi-texniki əməkdaşlıq imkanlarında yeni mərhələni, Xəzər dənizinin təhlükəsizliyində genişlənən əlaqələrə baxışı da öz mənasında daşıyır.
Hikmət Hacıyevin ABŞ-a səfəri müştərək maraqların iki dövlət arasındakı gələcək təmsilçiliyi üçün Azərbaycanın diplomatiya üsulunu təqdim edir. Başqa yandan, Hikmət Hacıyevin ABŞ-dakı görüşləri, aparılan müzakirələr perspektiv üçün Azərbaycan-ABŞ əlaqələrindəki strateji prosesləri hərəkətə gətirməyi hədəfləyir. Bu məsələlər Azərbaycan-ABŞ əlaqələrini Zəngəzur dəhlizinin açılacağı təqdirdə yeni istiqamətə yönəldə bilər. Azərbaycanla ABŞ-ın gələcəkdə Mərkəzi Asiya və Yaxın Şərqdə əməkdaşlıq etmək potensialları nəzərdən keçirilə bilər. Ehtimal ki, Azərbaycanla ABŞ regional tendensiyaların, buna Rusiyanın, İranın mümkün reaksiyaları ilə yaranacaq risklərin analizinə əsaslanaraq yola çıxırlar”.