Noyabrın 16-da Ermənistanın Vaqarşapat şəhərinin genişləndirilmiş icmasında yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək. “Vətən” partiyası şair-publisist Xaçik Manukyanı merliyə namizəd kimi irəli sürüb.
Moderator.az xəbər verir ki, bu barədə “Vətən” partiyasının sədri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan öz “Facebook” səhifəsində yazıb.
“Mən əminəm ki, cənab Manukyan məhz mənəvi paytaxtımızın rəhbəri vəzifəsini daşıya bilən, öz gərgin əməyi və fədakarlığı ilə Eçmiədzinin və ətraf kəndlərin inkişafına yeni nəfəs verə bilən şəxsdir... Biz birlikdə əvvəlcə Vaqarşapatda, sonra isə bütün Ermənistanda qələbə qazanacağıq, əziz komanda yoldaşları!”- Vanetsyan belə deyib.
Zəruri xatırlatma və arayış:
Hazırda Azərbaycana və Paşinyan hakimiyyətinə qarşı revanşist mövqeyi ilə seçilən və terrorçu eks-prezident Serj Sərkisyanın lideri olduğu "Şərəf duyuram" müxalif blokunun üzvü olan general-mayor Artur Vanetsyan 2002-ci ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 2018-ci il mayın 10-da Ermənistanın baş naziri Nikol Paşinyanın təqdimatı və Ermənistan prezidentinin fərmanı ilə o, Milli Təhlükəsizlik Xidmətinin(MTX) direktoru təyin edilib, 2019-cu il sentyabrın 16-da isə baş nazirin təklifi ilə vəzifəsindən azad edilib. Və bundan sonra "Vətən" partiyasının sədri kimi daim Paşinyana müxalif mövqedə dayanıb.
Hələ MTX sədri olduğu dövrdə Ermənistan siyasi dairələrində A.Vanetsyanın Moskvanın adamı olması haqda fikirlər səslənib. A.Vanetsyan 2020-ci ilin yanvarında o vaxt işğal altında olan Cəbrayıl rayonunun Arazyanı ərazilərimizə gələrək buradakı torpaqların təcili məskunlaşdırılmasından danışmışdı... 2020-ci ilin noyabrında isə populist çıxışlar edərək bir dəstə tərəfdarıyla Xankəndinə gəlmiş, lakin ordumuz Şuşaya yaxınlaşan kimi aradan çıxmışdı...
2021-ci ildə isə A.Vanetsyan Qarabağa növbəti səfərində Xocavənd rayonundakı qədim Amaras məbədimiz üzərinə separatçı-terrorçu rejimin əski parçasını qaldırmışdı...
2022-ci ilin yazında bu “FSB” generalı 2 aya yaxın müddətdə “Qarabağı Azərbaycana təhvil verməyə çalışan” baş nazir N.Paşinyanı devirmək məqsədi elan etmiş küçə aksiyaları keçirdi. Ancaq heç bir nəticəyə nail ola bilmədi...