Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şirvan şəhərində bir neçə qurumda yoxlama aparır
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şirvan şəhərində vətəndaşların şikayətləri əsasında 13 saylı Ərazi Məşğulluq Mərkəzi Filialında, Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsində, Mənzil Təsərrüfatı İdarəsində və Yaşıllaşdırma Təsərrüfatı İdarəsində yoxlamalar aparır.
Bu barədə AzFakt.com-un Şirvan şəhərindən əldə etdiyi məlumata görə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi adı çəkilən qurumlarda ciddi nöqsanlar aşkara çıxardıb.
Məlumatda bildirilir ki, 13 saylı Ərazi Məşğulluq Mərkəzi Filialında, Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsində, Mənzil Təsərrüfatı İdarəsində və Yaşıllaşdırma Təsərrüfatında aparılan yoxlamalarda külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktları üzə çıxıb. Yoxlamanın Şirvan şəhər vətəndaşlarının şikayətləri əsasında aparıldığı və korrpsiya ittihamı ilə adı çəkilən qurumların rəhbərliyində təmsil olunan şəxslərin həbs olunması ehtimalının olduğu bildirilir.
DİA-AZ qeyd edir ki, həbs olunması ehtimalı olan kadrların demək olar ki, əksəriyyəti yerli icra başçısı İlqar Abbasovun kadrlarıdır. Bu isə birbaşa olaraq özünü əsl ŞAH kimi aparan başçı üçün ciddi siqnal hesab olunur. Və anlamı odur ki, nəhayətdə qara maskalıların mübarək ayaq səsləri onun da qapısında eşidilə bilər...