Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Albaniyanın paytaxtı Tiranaya işgüzar səfər edib. Sammitə ümumilikdə 50-yə yaxın ölkə dəvət edilib. Prezident İlham Əliyev mayın 16-da Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşüb. Həmçinin Prezident İlham Əliyevin toplantı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla ayaqüstü görüşü olub. Bundan başqa, Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Keyr Starmer ilə görüşüb. Prezident İlham Əliyev Albaniyada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
Prezident həmçinin İspaniyanın Baş naziri Pedro Sançez, Çex Respublikasının Baş naziri Petr Fiala və Litvanın Baş naziri Gintautas Palukas ilə də görüşüb. Fransanın Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə yaxınlaşaraq görüşüb.
“Fransa Azərbaycan və Ermənistanın sülhün əldə edilməsi və sülh sazişinin imzalanması yönündə səylərini dəstəkləyir”. “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında Fransa Prezidenti Emmanuel Makron bildirib.
Fransa Prezidenti tezliklə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına inandığını bildirib və bu yöndə dəstəyini ifadə edib.
“Qardaşım İlham Əliyevlə Albaniyadan bütün dünyaya barış çağırışını səsləndirəcəyik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Türkiyə Prezidenti Avropa Siyasi Birliyinin sammitindən gözləntisinin böyük olduğunu vurğulayıb.
“Ermənistan və Azərbaycan arasında danışıqlar aparılır”. Avropa Şurasının Baş katibi Alen Berse Tiranada jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, yaxın vaxtlarda Ermənistana səfər edəcək: “Mən hər iki tərəflə ünsiyyətdəyəm. Yaxın vaxtlarda Ermənistana səfər edərək danışıqlar aparacağam”.
“Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasını gözləyir”. Bunu isə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas jurnalistlərə açıqlmasında bildirib. “Azərbaycan və Ermənistan razılığa gəlməyə çox yaxındırlar. Düşünürəm ki, onların bu sülh sazişi imzalaması hamının marağındadır”.
Onu da xəbər verək ki, mayın 16-da Tiranada Azərbaycan Prezidenti İlham Əliyevlə Albaniyanın Baş naziri Edi Rama arasında işçi nahar əsnasında görüş olub. Söhbət zamanı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin xüsusilə enerji sahəsində inkişafından, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Albaniyanın Korça şəhərinin Azərbaycan qazı ilə təchiz edilməsi layihəsinin önəmi vurğulanıb.
Günün ikinci yarısında isə Musavat.com-un xəbər verib ki, Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti xüsusi məlumat yayıb. Həmin məlumata görə, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündə İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsi prosesi müzakirə olunub. Tərəflər sülh sazişi mətninin razılaşdırılmasını önəmli addım kimi dəyərləndiriblər və bu istiqamətdə prosesin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Xatırladaq ki, Azərbaycan tərəfi uzun müddətdir Ermənistanla münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması və regionda sabitliyin təmin olunması istiqamətində konkret və prinsipial mövqe sərgiləyir. Rəsmi Bakı ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıdığı, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması kimi əsas məsələlərin tezliklə həll olunmasının tərəfdarıdır.
Rəsmi Bakı həm də İrəvana cəmi iki şərt irəli sürür:
Konstitusiyanın dəyişdirilməsi, əsas qanundan Azərbaycana yönəlik ərazi iddialarının çıxarılması;
ATƏT-in Mins Qrupunun ləğvi ilə bağlı ortaq müraciətin razılaşdırılması.
Ermənistan bu şərtlərin icrasını yubadır, vaxtı uzadır. Lakin görüntüdə sanki sülh müqaviləsinin tezliklə imzalanması üçün can atır.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyanın İctimai Televiziyaya müsahibəsi zamanı səsləndirdiyi iddialara cavab verib. Bildirilib ki, mayın 15-də Ermənistanın Baş naziri Albaniyada Azərbaycanın İctimai Televiziyasına verdiyi müsahibədə Ermənistan konstitusiyasında mövcud ərazi iddiaları, habelə Minsk Qrupunun ləğvi məsələsində növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edib.
Ermənistan tərəfi üçün beynəlxalq müqavilələrdə ərazi bütövlüyünə dəstək ifadə edilməsinin heç bir əhəmiyyətə malik olmadığı danılmaz bir faktdır. Bunu sübut etmək üçün, Ermənistanın Almatı bəyannaməsinə qoşulması prosesini və bu razılaşmanı necə kobud şəkildə pozduğunu xatırlatmaq yerinə düşər. Ermənistan tərəfinin daim istinad etdiyi Almatı bəyannaməsinə qoşulan zaman verdikləri qeyd-şərtləri, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa qarşı çıxan qüvvədə olan qanunvericilik aktlarının mövcudluğu hər kəsə məlumdur.
Baş nazir Ermənistanın tərəf çıxdığı və ratifikasiya edilmiş beynəlxalq müqavilələrin yerli qanunlar üzərində üstünlüyə malik olduğu barədə konstitusiya müddəasına istinad etməklə öz iddialarını arqumentlərlə sübut etməyə çalışması da tamamilə əsassızdır. Bunun əksini sübut etmək üçün Ermənistan konstitusiyasının 5-ci maddəsinə (hüquq normalarının iyerarxiyası) nəzər yetirmək kifayətdir. Məhz bu müddəaya əsasən Ermənistan konstitusiyası ali hüquqi qüvvəyə malikdir və Baş nazirin istinad etdiyi beynəlxalq müqavilənin üstün olması müddəasının Konstitusiyaya aidiyyəti yoxdur. Ermənistan konstitusiyasının 21-ci maddəsində istinad olunan Ermənistan gerbinin belə özündə indiki Ermənistanın qonşularına ərazi iddialarını əks etdirdiyi də yaxşı məlumdur. Bununla, Ermənistanın hansı müqaviləyə qoşulmasından asılı olmayaraq, Konstitusiyada Azərbaycan ərazi bütövlüyünə qarşı olan müddəanın saxlanılmasına hər vəchlə çalışılmasının nəyə xidmət etdiyi aydın olur.
Bununla yanaşı, 2022-ci ilin oktyabr ayından etibarən müzakirə olunan sülh sazişi layihəsində ərazi bütövlüyünə dəstək barədə müvafiq müddəaya razılıq verilməsi ilə yanaşı, paralel olaraq Ermənistan rəhbərliyinin 2023-cü ilin sentyabr antiterror tədbirlərinə qədər necə qondarma rejimə dəstək verdiyini, onu legitimləşdirməkdə davam etdiyini heç kim unutmayıb.
Həmçinin 1991-ci ilin sərhədləri və Almatı bəyannaməsi əsasında ərazi bütövlüyünə istinad edən Ermənistan tərəfinin son 35 ilə yaxın müddətdə nəyə görə bu xəritələrə və razılıqlara əməl etmədiyinə, Sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə izahat verməsi daha yaxşı olardı.
Qeyd edilənlərlə yanaşı, mütəmadi olaraq Ermənistan Konstitusiya Məhkəməsinin qərarlarına istinad edən Baş nazirə, Ermənistan tərəfinin hələ 2010-cu ilin yanvarında Türkiyə ilə münasibətlərinin normallaşdırılmasına dair protokolların onun konstitusiyasına uyğunluğu ilə bağlı konstitusiya məhkəməsinin qərarının təfərrüatlı şəkildə əsaslandırıldığı zaman qondarma “Qərbi Ermənistan” iddialarından əl çəkmədiyini, eyni məntiq və yanaşmanın məhkəmənin Azərbaycanla Ermənistan arasında sərhəd komissiyalarının reqlamentinin Ermənistan konstitusiyasına uyğunluğu ilə bağlı 26 sentyabr 2024-cü il tarixli qərarının qəbulu zamanı tətbiq etdiyini xatırlamaq kifayətdir. Xüsusən də, məhkəmə qərarında preambula və dolayısı ilə Müstəqillik Bəyannaməsinin “erməni dövlətçiliyinin əsas prinsipləri” kimi səciyyələndirilməsi və onların dəyişilməz müddəalar olduğunun qeyd edilməsi, Ermənistanın Azərbaycan ərazilərinə qarşı iddialarından irəli gələn təhdidin miqyasını nümayiş etdirir".
“Yeni Müsavat”