"Ermənistan dövlətindən danışarkən burada gizli xristian təəssübkeşliyinin mühüm rol oynadığını qeyd etmək vacibdir”.
Bunu "Cebheinfo.az"-a açıqlamasında politoloq Rufiz Hafizoğlu deyib.
O bildirib ki, bu təəssübkeşlik bəzən açıq şəkildə ifadə olunur və onun əsas mənbəyi Erməni Apostol Kilsəsidir:
“Ermənistanın milli ideologiyasının əsas dayaqlarından biri, heç şübhəsiz, 1915-ci il hadisələrinin “erməni soyqırımı” adlandırmasıdır ki, məhz bu prosesdə də kilsənin rolu əvəzsizdir”.
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsində Ermənistan kilsəsi azərbaycanlılara qarşı aparılan etnik təmizləmənin ideoloji dayaq nöqtələrindən biri olub:
"Qətərin “Əl-Cəzirə” telekanalının hazırladığı sənədli filmlərdən birində erməni keşişin verdiyi cavab bu mövqeni təsdiqləyir. Müsəlman aparıcının sülh və mərhəmət haqqında verdiyi suala keşişin cavabı belə olmuşdu: "Bunlar başqalarını aldatmaq üçün uydurulmuş nağıllardır. Əsl din xilas yolunda xalqını silahla irəli aparandır”. Bu bəyanat kilsənin savaşın əsas ideoloji silahı olduğunu göstərir.
İkinci Qarabağ müharibəsində də Ermənistan kilsəsi bu mövqeyini qoruyub saxladı. Ermənistanın Xarici İşlər Nazirinin paylaşdığı qısa bir qeyddə silahlı rahibin görüntüsü, xristian həmrəyliyinin və bu həmrəyliyin siyasi məqsədlər üçün necə istifadə edildiyinin göstəricisidir".
Politoloq vurğulayıb ki, Ermənistanın xristian həmrəyliyindən bəhrələnərək beynəlxalq hüquq normalarını ayaqlar altına atması da bu kontekstdə anlaşılmalıdır:
"Xocalı faciəsi və digər soyqırım aktları, Qərbdə və xristian dünyasında heç zaman "xristian terrorizmi" adı altında təqdim olunmur. Əksinə, islam dünyasında baş verən istənilən zorakılıq hadisəsi "İslam terrorizmi" etiketi ilə təqdim olunur. Bu, beynəlxalq ikili standartların bariz nümunəsidir".
Ekspert hesab edir ki, Ermənistan kilsəsi yalnız dini yox, həm də siyasi və ideoloji gücə malikdir:
“Birinci Qarabağ müharibəsində Livan, Suriya, Misir və digər ölkələrdən gətirilmiş erməni və xristiyan döyüşçülərin iştirakında bu kilsənin ciddi logistik və maliyyə dəstəyi olduğu sirr deyil. Bugünkü Ermənistan hökuməti ilə kilsə arasında gərgin münasibətlərin şahidiyik. Paşinyanın zaman-zaman kilsəyə qarşı sərt mövqeyi, bəziləri tərəfindən Rusiyadan uzaqlaşma cəhdi kimi qiymətləndirilsə də, bu, əslində daxili hakimiyyət uğrunda mübarizədən başqa bir şey deyil.
Ermənistan kilsəsi nəinki Rusiyaya tabe deyil, hətta bəzi hallarda Rusiyanın maraqlarından da üstün ideoloji məqsədlər güdür. Paşinyanla kilsə arasında ziddiyyət əsasən kimin dominantlıq edəcəyi mövzusundadır. Paşinyan siyasi iradəni tam olaraq kilsəyə təhvil versəydi, bu, onun hakimiyyətinin sonu olardı".
O qeyd edib ki, Ermənistanın istər keçmiş, istərsə də hazırki ideoloji modeli əsasən türkəfobiya üzərində qurulub:
"1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi qələmə verilməsi, aşırı xristiançılıq, vəhşiliyi təqdis (müqəddəsləşdirmək, sitayiş etmək, tapınmaq) edən din anlayışdır. Bütün bunlar Ermənistanın daxili və xarici siyasətinin əsas sütunlarıdır. Hansı hakimiyyət forması olursa olsun, bu təməl prinsiplər dəyişmir.
Təəssüf ki, Ermənistanın bu fəaliyyətinə qarşı İslam dünyasından ciddi reaksiya görmürük. Livan və Suriya kimi ölkələr, İslam Əməkdaşlıq Təşkilatına üzv olsalar da, Ermənistanı açıq şəkildə dəstəkləyiblər. Xüsusilə İran və Suriya Ərəb Respublikasının sabiq prezidenti Bəşşar əl-Əsəd hökumətinin Ermənistanla yaxınlığı bu susqunluğun səbəblərindən biridir".