Xəbər verildiyi kimi Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri dələduzluqda təqsirləndirilərək, barəsində hökm çıxarılıb.
Məlumata görə, söhbət Yasamal rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Samir Xanbala oğlu İsmiyevdən gedir.
Hakim Elçin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Samir İsmiyev 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub. İttihama görə, icra hakimiyyətinin şöbə müdiri başqa təqsirləndirilən şəxslə birgə 2021 və 2022-ci illərdə Balakən və Qəbələ rayon sakinlərini Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək vədləri verib. Onlar bu yolla həmin şəxlərdən ümumilikdə 28 min manat pul alaraq dələduzluq ediblər.
Məhkəmə qərarında təqsirləndirilən şəxsin adı şərti verilir?
Bizim.Media yayılan məhkəmə xəbəri ilə bağlı maraqlı nüansı ortaya çıxarıb. Belə ki, rəsmi xəbərdə dələduzluqda təqsirləndirilən icra hakimiyyətinin şöbə müdiri şərti ad və soyadla, yəni Qoşqar Babayev kimi təqdim olunub. Öz adı ilə verilməyib. Halbuki xəbərdə təqsirləndirilən şəxsin Yasamal rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinə rəhbərlik etdiyi yer alıb.
O zaman sual yaranır...
Təqsirləndirilən şəxsin adı niyə və hansı səbəbdən gizlədilir? Konkret vəzifə sahibi barəsində dələduzluq faktı məhkəmə qərarı ilə təsdiqlənibsə, ad niyə şərti verilir? Məqsəd şəxsin adının məxfi saxlanılmasıdırsa, xəbərdə Yasamal rayon İcra Hakimiyyətinin və sözügedən şöbənin adı niyə göstərilir?
Maraqlıdır, barəsində həbs qəti-imkan tədbiri seçilən Samir İsmiyev Yasamal rayon İcra Hakimiyyətindəki vəzifəsindən azad olunub?
Rəsmi şəxsin təzadlı açıqlaması...
Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə müraciət etdik. İnformasiya təminatı və təhlili sektorunun müdiri Ədalət Xəlilov Bizim.Media-ya açıqlamasında bunları deyib:
“Samir İsmiyev niyə vəzifəsindən çıxarılsın ki? Onun barəsində dələduzluq ittihamı yoxdur axı...Kimsə götürüb adını yazıb...Bizdə bu barədə məlumat yoxdur. Ümumiyyətlə mənim bu barədə məlumat vermək səlahiyyətim yoxdu. Texniki işçiyəm”, - deyə qurum rəsmisi qeyd edib.
Qanuni məsuliyyət yaradır...
Görünən odur ki, ya yayılan xəbərin məzmunu düzgün deyil və yalandır. Ya da vəzifədə olduğu üçün şəxsin adı bilərəkdən gizlədilir.
Belə olan təqdirdə şəxsin adı və ittihamı ilə bağlı xəbərin doğruluğu şübhə altındadır. Qeyd edək ki, bu hal şəxsin şərəf və ləyaqətinə zərər vurmaqla yanaşı, qanuni məsuliyyət də yarada bilər.
Şəxs bu cür əsassız ittihamlara qarşı hüquqi yolla məhkəməyə müraciət edə və təkzib tələb edə bilər.
Məlumat üçün bildirək ki, söhbət həqiqətən də Samir Xanbala oğlu İsmiyevdən gedirsə, o, hazırda Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətində fəaliyyət göstərir. O, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsini icra edir.
Samir İsmiyev Murovdağ silsiləsindəki Ömər yüksəkliyinin düşməndən azad edilməsində iştirak etmiş və hərbi rütbəsi polkovnik-leytenantdır.
Yazıda adıçəkilən şəxsin mövqeyini dərc etməyə hazırıq.