“Gələcəkdə JEK-lərin səlahiyyətləri artırıla bilər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib.
Mütəxəssis Mənzil İstismar İdarələrinin fəaliyyəti və səlahiyyətləri barədə açıqlamalar verib:
“Ölkəmizin böyük şəhərlərində çoxmənzilli binaların və fərdi yaşayış evlərinin idarə olunması müxtəlif formalarda aparılır. Bunlardan ən birincisi və ən qədimi Mənzil İstismar İdarələridir (JEK). Bir sahələr bələdiyyə tərəfindən, paytaxtda və digər şəhərlərdə inşa olunmuş yeni yaşayış binalarının idarə edilməsi isə həmin binaları tikən şirkətlər tərəfindən idarə edilir. Ümumi mənzərəyə baxsaq, bir şəhərdə, hətta qonşu binalarda bir bina idarəetmə şirkətləri tərəfindən idarə edilir, digər köhnə binalar Mənzil İstismar İdarəsi tərəfindən nəzarət edilir, bəziləri isə bələdiyyə tərəfindən. Təbii ki, hər hansı əmlakın çıxarışı varsa, o əmlaklar məcburi formada bələdiyyələr tərəfindən əmlak və torpaq vergisinə cəlb edilir ki, aparılan abadlıq işləri və digər yenidənqurma işlərinə onlar nəzarət edir”.
Ekspert qeyd edir ki, JEK-lərə edilən vergi ödənişləri tikinti şirkətlərinə edilən ödənişlərdən qat-qat az olduğu üçün onların fəaliyyəti daha münasibdir:
“Paytaxtda və digər ölkənin böyük şəhərlərinin təmizlik işlərinə isə JEK-lər tərəfindən aparılır. JEK-lər tərəfindən yığılan kommunal pullar ildə 1 dəfə olmaqla 1000 manat pul təşkil edir. Bunun əksi olaraq yeni çoxmənzilli yaşayış binalarda isə vətəndaşlar öz mənzillərində yaşamaq üçün kommunal pulu idarəetmə şirkətlərinə ödəyirlər ki, bu da JEK-lərə ödənişdən dəfələrlə bahadır. Məsələn, köhnə binalarda JEK-ə olan ödəniş 20 manatdırsa, mərkəzdə yeni binalarda bəzən bu məbləğ 200 manata qədər çıxa bilir. Bu da vətəndaşlar tərəfindən normal qarşılanmır”.
Ekspert hesab edir ki, gələcəkdə JEK-lərin səlahiyyətləri artırıla bilər:
“Uzun illərdir binaların fəaliyyəti JEK-lər tərəfindən aparıldığına görə gələcəkdə JEK-lərin səlahiyyətlərini artırmaqla istər yeni, istər köhnə çoxmənzilli binalarda idarəolunma onlara həvalə ediləcək”.