Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Razi bəy, Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan müxalifət partiyalarının iştirakı ilə "Qarabağ müzakirəsi" keçirilib. Görüşdə Azərbaycan tərəfindən siz və Müsavat Partiyasının Məclis sədri Arif Hacılı iştirak edib. Ermənistanı isə "İşıqlı Ermənistan" partiyasının sədri Edmon Marukyan və hakim "Vətəndaş Müqaviləsi" partiyasının üzvü, Ermənistan parlamentinin deputatı Arusya Culhakyan təmsil edib. Belə bir formatda görüş təşəbbüsü kimdən gəlmişdi?
- Avstriyanın Vyana şəhərində artıq 7-ci ildir ki, Azərbaycan və Ermənistan müxalifət təmsilçiləri arasında görüş keçirilir. Çox zaman bu məlumatlar ciddi şəkildə yayımlanır. Cəmi bir neçə dəfə bu cür informasiyalar yayılıb. Amma bu dəfə bizim təşəbbüsümüzlə və medianın da böyük marağı ilə məlumatlar geniş yayıldı. Bu kifayət qədər önəmli bir tədbir idi. Belə bir görüş hər il Vyana şəhərində Avstriya Milli Müdafiə Akademiyasında "International Center for European Union Research"ün (Avropa İttifaqı Beynəlxalq Araşdırmalar Mərkəzi) təşkilatçılığı ilə keçirilir. Bu tədbirdə Azərbaycan və Ermənistan müxalifət liderlərindən başqa həmin təşkilatın rəhbərliyi və təmsilçiləri də iştirak edirdi. Eyni zamanda Avstriyanın müxtəlif dövlət orqanlarının təmilçiləri misal olaraq, müdafiə, xarici işlər nazirliyi və digər beynəlxalq təşkilatlardan da nümayəndələr yer alır. Tədbir daha çox 10-15 nəfərin iştirakı formatında keçirilir. Burada da bir çox məsələlər müzakirə olunur.
- Görüşdə daha çox hansı mövzuda müzakirə apardınız?
- Bu görüşdə də Azərbaycanla Ermənistan arasında sülh məsələlərinə dair müzakirələr aparıldı. Hər iki ölkədə sülhlə bağlı ictimai rəy nədən ibarətdir, hökumətin siyasəti necədir, müxalifətin bununla bağlı baxışları hansı motivlər üzərində qurulub, sülh müqaviləsinin imzalanması üçün hansı çətinliklər və perspektivlər var? Bu mövzular ətrafında mövqelər ifadə olundu. Nəzərinizə çatdırım ki, bu günə qədər Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisəsiz toplantı görməmişəm. Təbii ki, xeyli mübahisələr oldu və bəzən qarşılıqlı ittihamlara da keçdi. Nə etmək olar? Ermənistan müxalifəti barışmaz və qərəzli mövqeyi ilə seçilir. Onlar düşünürlər ki, Baş nazir Nikol Paşinyan saysız-hesabsız güzəştlərə gedib və bunun fonunda Azərbaycan yenə də sülh müqaviləsini imzalamağı uzadır. Amma biz bir daha qeyd etdik ki, Ermənistan özünü zəfər çalan Azərbaycan ilə bərabər tutur və az qala qalib ölkə kimi hələ şərtlər də irəli sürür. Azərbaycanın mövqeyi budur ki, bütün yazılı və şifahi mübahisələr həll edilmədən tez-tələsik sülh müqaviləsi imzalayıb gələcək nəsillərə problem saxlamaq olmaz. Sülh müqaviləsinin bağlanması üçün Ermənistan konstitusiyasına dəyişiklik etməlidir. Eyni zamanda ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı Azərbaycanla bərabər müraciət olunmalı və sərhədyanı ərazilərdə "Yerkrapah" hərbi təşkilatı Azərbaycana qarşı təxribatlardan çəkinməlidir. Bununla yanaşı, Qərbi Azərbaycan İcmasının öz dədə-baba torpaqlarına qayıtmaq hüququ təsbit edilməli, o cümlədən qondarma rejimin tör-töküntülərinin Ermənistan ərazisində fəaliyyətinə son qoyulmalıdır. Amma məlum oldu ki, Ermənistan müxalifəti danışıqları Rusiya masasına yatırmaqda və prosesi təzələmək fikrindədir. Açıqca deyirlər ki, biz hakimiyyətə gələn kimi Paşinyanın atdığı bütün addımları sıfırlayacağıq. Amma biz bir daha Azərbaycanın dəyişməz mövqeyini vurğuladıq və onları regionda sülhün bərqərar olması üçün obyektiv mövqe nümayiş etdirməyə dəvət etdik.
- Onların ümumi fikiri ilə bağlı sizin qənaətiniz necə oldu? Siyasi elita sülhə hazırdırmı?
- Görüşdə təklif etdim ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan iddiaları aradan qaldırmalıdır. Bu müzakirələrdə iştirak edən beynəlxalq təşkilat təmsilçisi də qeyd etdi ki, bu tələblər sırasında ən ağır şərtdir. Çünki konstitusiyanın dəyişdirilməsi Ermənistan cəmiyyətini silkələyə bilər. İddia etdilər ki, konstitusiya dəyişikliyi üçün referendumun keçirilməsi çətin məsələdir. Hətta bildirdilər ki, referendumdan hansı nəticələr çıxacaq, onu da proqnozlaşdırmaq mümkün deyil. Bunu Paşinyan hökuməti üçün ciddi çağırış kimi dəyərləndirdilər.
- Erməni müxalifətinin konstitusiya dəyişikliyinə münasibəti necə oldu?
- Onlar iddia etdilər ki, konstitusiya dəyişikliyinə ehtiyac yoxdur. Bunu konstitusiya məhkəməsinin qərarı ilə əsaslandırmağa çalışdılar. Amma qeyd etdik ki, Ermənistanda sonradan dəyişəcək hakimiyyət bu məsələni yenidən gündəmə gətirə bilər. Yəni, biz bununla bir daha gələcək nəsillərə problem saxlamış oluruq. Bəyan etdik ki, referendum eyni zamanda Ermənistan cəmiyyətinin sülhə olan münasibətini də ifadə etmiş olacaq. Beləliklə, referendumdan çıxan nəticə Azərbaycan üçün də əsas yaradacaq ki, bundan sonra hansı motivlər üzərində siyasət aparsın. Ona görə də Azərbaycanın bu mövqeyinin dəyişməz olaraq qalacağı vurğulandı. Əgər Ermənistan cəmiyyəti konstitusiyanın dəyişdirilməsinə “yox” deyəcəksə, bu hakimiyyətin öz xalqı ilə düzgün iş aparmaması ilə yanaşı, Azərbaycana qarşı ərazi iddiasından imtina etməmək kimi başa düşüləcək, gəldiyim qənaət o oldu ki, Ermənistanın siyasi elitası sülhə hazır deyil. Onlar yenidən sülh danışıqlarında Rusiyanın moderatorluğunu arzulayırlar.
- Əsas istəkləri nədən ibarət idi?
- Onlar Rusiyanın prosesə qoşulması ilə yanaşı, məsələlələrin yenidən Minsk qrupu çərçivəsinə qayıtmasını, müzakirələr aparılmasını, Qarabağdan könüllü getmiş insanların geri dönüşünün təmin edilməsini istəyirlər. Biz də bir daha qeyd etdik ki, onlar Qarabağdan öz istəkləri ilə gedib. Getməklərinin səbəbi Azərbaycan vətəndaşlığını qəbul etməmələri ilə bağlı olub. Sadəcə olaraq erməni müxalifətinin də istəyi odur ki, bu məsələ gündəmdən çıxmasın. Onların Azərbaycana qarşı ərazi iddiaları var. Erməni müxalifəti həmçinin iki ölkə arasında üçüncü ölkənin yəni, zəmanətverici bir qüvvənin olmasını istəyirlər. İndi onlar özlərini az qala Ukraynanın yerinə qoymağa çalışırlar ki, Azərbaycanla məsələləri hansısa beynəlxalq zəmanətçilər həll etsin.
- Erməni müxalifətinin Azərbaycanın sülh şərtlərinə münasibəti necədir? Sizinlə görüşdə bu şərtlərlə bağlı nələri dedilər?
- Onlar Azərbaycanın Ermənistanla sülh müqaviləsi ilə bağlı şərtlərinin öz ölkələri üçün ifşaedici və alçaldıcı formada gördüklərini iddia etdilər. Qeyd etdilər ki, Paşinyan onsuz da Azərbaycanın bütün şərtlərini yerinə yetirib. Baş nazirlə bağlı onların bir ritorik yanaşması da var. Dedilər ki, onun imza atmaqdan xoşu gəlir. Nə kağız versələr, ora imza atır. Hətta rişxənd formasında dedilər ki, “Qranadada (2023-cü ilin oktyabrı) məlum görüşdə Paşinyanın Prezident İlham Əliyevin iştirak etmədiyi görüşdə Azərbaycanla bağlı məsələyə imza atıb. Buna görə də erməni müxalifəti onu gülüş hədəfinə çevirib. Bizimlə görüşdə müxalifətin təmsilçisi olan Marukyan dedi ki, “baş nazir olacaqsa, Azərbaycanla bu şərtlər altında heç bir sülh sazişi imzalamayacaq”. Bizim də ona sualımız oldu ki, siz Azərbaycana qarşı Paşinyandan fərqli necə bir siyasət apara biləcəksiniz? Dedik ki, siz bunu etdiyiniz andan Azərbaycan siyasətini və ritorikasını elə dəyişər, mat vəziyətinə düşə bilərsiniz. Hətta Arif Hacılı da dedi ki, hamınız hakimiyyətə gəlməmişdən öncə belə danışırsınız, amma hakimiyyətə gələndən sonra quzuya dönəcəksiniz.