Xəbər verdiyimiz kimi, sosioloq Elçin Bayramlı açıqlamasında bildirib ki, kənd qadınları bütün gün sosial şəbəkədə, internetdə olduqlarına görə, evdə yemək bişirmirlər, turşu, mürəbbə, kompot hazırlamırlar. Çalışırlar hər şeyi mağazadan alsınlar. Yəni, xəstə bir həyat tərzinə keçiblər.
Tribunainfo.az-a məsələ ilə bağlı sərt reaksiya verən iqtisadiyyat üzrə fəlsəfə doktoru Günay Hüseynova açıqlamasında qeyd edib ki, sosioloqun bəzi sözlərinə haqq verirəm. Amma bu qədər də olmaz. Qadın elə bil ki, bunlar üçün qulluqçudur. Onda kişi nə işə yarayır?!
G. Hüseynovanın sözlərinə görə, boşanmaların 90 faizi qadınlar yemək, kompot, mürəbbə bişirmir deyə yox, kişilər əlinə telefon alıb sosial şəbəkələrin canına düşməsindədir. Əkin-biçin, mal sağmaq, tövləni təmizləmək, evin işi, uşaqların qayğısı qadının üstündədir. Qadın kənd işində daha aktivdir. Bununla yanaşı, həkim, müəllim, idarə işçiləri və s. də aralarında var ki, bu qadınlar dövlət işində çalışa-çalışa, hələ gəlib sadaladığım məişət, kənd təsərrüfatı işlərini də görürlər.
“Mənfisini deyəndə müsbətini də danışmaq lazımdır. İnsanlar artıq istəyirlər ki, işləri asanlaşsın, texnikadan istifadə etsinlər. Həmçinin sosial şəbəkələrdə müğənnilərə özənirlər. Sosioloq məsələni ümumiləşdirib. Qadın robot deyil ki, o da yorulur. Şəhər evlərində daha çox texniki avadanlıqlar var. Kənd qadınları istəyər ki, onların da işi yüngülləşsin. Çünki işləri çox ağırdır. Niyə kişilərdən danışan yoxdur?! İndi Azərbaycanda kişilərin əksəriyyəti tənbəldir. Gərək bunları dümsükləyib zorla işə göndərəsən. Bütün gün divanda uzanıb əllərində telefon Sosial şəbəkələrdə vaxt keçirirlər. Elə şəhərdəkilərin də əksəriyyəti belədir. İşdən gəlməyi əllərində bayraq edirlər, elə bil Misir piramidalarında daş qaldırıblar. Qadın da işdən gəlib dərhal mətbəxə keçir, yemək hazırlayır, təmizlik işləri görür. Mən feminist də deyiləm. Azərbaycanda adlarını feminist qoyanlara da qarşıyam. Bu başqa mövzudur. Amma danışanda ədalətli danışmırlar. Əvvəlki qadınlarla müqaisə edirlər. Əvvəlki həyat şərtləri ilə indiki bir deyil. Əvvəl kişilər deyərdilər ki, kişi qazanıb gətirər, qadın işləməsin. İndi isə xadimə işi belə olsa, kişi deyir ki, qadın gedib işləsin. Bu zaman qadın da dillənsin ki, “işləyirəm, evə pul gətirirəm ev işlərini ortaqlı görək”. Qadın yemək bişirəndə kişi də süfrəni qurub çörək, salat doğrasın. Mən Türkiyədə yaşayıram. Burada belədir. Əslində belə də olmalıdır”.