“Ermənistan hakimiyyəti bu gün ölkənin taleyini nəzarətdə saxlamaq siyasətini həyata keçirir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan Baş nazir Nikol Paşinyanın Türkiyə səfərini şərh edərkən deyib.
“Ermənistan üçün bu gün bütün ölkələrlə vasitəçi olmadan danışmaq vacibdir, çünki tarix göstərir ki, bizim adımızdan danışanlar alver edir və bizi başqalarına pul kimi verirlər və ya bizi öz ciblərinə qoyurlar. Tarixin bu axarını pozmaq lazımdır. Baş nazirin Türkiyə səfəri də bununla bağlıdır”, - fraksiya rəhbəri bildirib.
Koncoryan bu kontekstdə qeyd edib ki, sabiq prezident Robert Köçəryan və iş adamı Samvel Karapetyan və parlament müxalifəti Ermənistanda hakimiyyət dəyişikliyi üçün əllərindən gələni edirlər:
“Belə məlum olur ki, onlar bunu Ermənistan Respublikasının taleyini başqasına (Rusiyanı nəzərdə tutur – red.) vermək üçün edirlər? Ermənistanın suveren dövlət olmasını istəyən bizlər də qonşularımızla münasibətlər qurur, onlarla sərhədləri açmağa, iqtisadiyyatı inkişaf etdirməyə və əhalinin firavan yaşamasını təmin etməyə çalışırıq.
Vaxtilə hansısa ölkəyə Ermənistanla bağlı nəsə lazım olanda İrəvana yox, başqa paytaxta (Moskva) zəng edirdilər. İndi isə İrəvana zəng edirlər”.