2024-2025-ci tədris ili də başa çatdı- Müstəqillik dövrünün 35-ci tədris ili... Görəsən, bu bir qərinədən uzun bir müddətdə ölkəmizin ali təhsilində hansı nailiyyətlər qazanılıb, bəs hansı neqativ amillər üzə çıxıb?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında ADPU-nun dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, tanınmış təhsil eksperti İlham Əhmədov bunları söyləyib:
“Uzun bir müddət keçməsinə rəğmən ali təhsillə bağlı ölkədə hələ də ciddi dəyişiklik yoxdur. Azərbaycanda bu günə qədər tədqiqat universiteti statusunu daşıyan bir ali təhsil müəssisəsi mövcud deyil. Halbuki gələn ildən ölkədə iki tədqiqat universitetinin yaradılması planlaşdırılır. Lakin Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara uyğun olaraq, hələ də belə statusa layiq universitetlər mövcud deyil. Hazırkı universitetlər bu səviyyəyə çatmaqdan uzaqdır.
Son günlərdə bəzi təhsil rəsmiləri sevinclə Azərbaycanın bir neçə universitetinin "KES reytinqi" siyahısına düşməsi ilə fəxr edir. Lakin bu reytinq əsasən dayanıqlı inkişaf məqsədləri ilə bağlıdır və onun elm və təhsillə birbaşa əlaqəsi zəifdir. Elm və tədris baxımından əsas etibarlı mənbə "Times Higher Education" (THE) kimi beynəlxalq reytinq cədvəlləridir. Bu reytinqlərdə universitetlərin tədris keyfiyyəti, elmi tədqiqat fəaliyyəti, məqalələrin istinad səviyyəsi və innovasiya potensialı nəzərə alınır.
Təəssüf ki, Azərbaycanda universitetlərin bu göstəricilər üzrə vəziyyəti çox zəifdir. Hələ də ali məktəb müəllimləri öz universitetlərinin elmi jurnallarında məqalə dərc etdirmək üçün şəxsi vəsaitlərindən istifadə etməyə məcbur qalırlar. Xarici jurnallarda çap üçün isə tələb olunan ödənişlər çox yüksəkdir. Nazirlik isə bu məqalələrin çap olunmasını tələb etsə də, bu proseslərə maliyyə dəstəyi göstərmir.
Belə vəziyyətdə nazirlik öz məsuliyyətində olan sahələrdə heç bir təşəbbüs göstərmir, əvəzində müəllim və alimlərin üzərinə qeyri-real tələblər qoyur. Bu yolla universitetlərin reytinqdə yüksəlməsi gözlənilir, lakin heç bir real dəstək olmadan bu, yalnız formal göstəricilər səviyyəsində qalır. Əvvəlcə dövlət və nazirlik bu istiqamətdə ciddi maliyyə dəstəyi göstərməli, ictimaiyyətə nümayiş etdirməlidir ki, bu qurumlar doğrudan da təhsilin inkişafında maraqlıdır və bu sahəyə investisiya qoyurlar.
Əks halda, bu, saxta inkişaf təəssüratı yaradır. Reallıq isə budur ki, müəllimin maaşı azdır, elmi fəaliyyəti dəstəklənmir, amma ondan dünya səviyyəli nəticə gözlənilir. Əgər həqiqətən nailiyyət əldə etmək istəyiriksə, ali təhsil müəssisələrinin müəllimlərinə və tədqiqatçılarına real dəstək və stimullar yaradılmalıdır. Bu zaman inkişaf təbii şəkildə baş verəcək, nəticələr isə davamlı və səmərəli olacaq.
Əslində bu sahədə dərin monitorinq və təhlil prosesi aparılmalıdır. Nazirlik bu monitorinqdə özü maraqlı olmalı, qeyri-hökumət təşkilatları, peşəkar mütəxəssislər və təhsil ekspertləri cəlb olunaraq hər il və ya beşillik planlar əsasında təhsilin rəqəmsallaşması, universitetlərin rəqəmsal yetkinlik səviyyəsi, innovasiya fəaliyyəti və elmi nəticələr üzrə qiymətləndirmələr həyata keçirilməlidir.
Bununla yanaşı, elektron resursların keyfiyyətinin qiymətləndirilməsi, yeni tədqiqat istiqamətlərinin yaradılması və innovasiyaların təşviqi də prioritet olmalıdır. Bu istiqamətlər üzrə real monitorinqlər aparılmadan inkişafı düzgün qiymətləndirmək mümkün deyil.
Ali məktəblər üçün fənn proqramlarının və tədris planlarının hazırlanması da ciddi problemlərlə üzləşir. Təəssüf ki, bu sahədə əvvəlki illərdə yol verilmiş səhvlər təkrar edilir. Proqramlar yenə də ictimai əsaslarla, qeyri-peşəkar yanaşmalarla hazırlanır. Belə ciddi məsələlərin yalnız ictimai əsaslarla həyata keçirilməsi təkcə Azərbaycanda müşahidə olunur. Məsələn, 25 il əvvəl Rusiyada magistratura yenicə yaranarkən, bir ixtisas üzrə tədris planının, fənn proqramlarının və metodik təminatın hazırlanması üçün 1,5 milyon dollar vəsait ayrılmışdı. Azərbaycanda isə bu sahəyə bu illər ərzində bir manat belə ayrılmayıb.
Bu yanaşma ilə inkişaf mümkün deyil. Yenə də əvvəlki üsulla hazırlanan planlarla yeni bir nəticə əldə etmək mümkün deyil. Çünki bu planları hazırlayan şəxslərin bir çoxu özləri də müasir tələblərə cavab vermir, onların inkişafla marağı yoxdur. Bu geridə qalma bir-iki illik proses deyil, artıq 30 ildir davam edir. Bu səbəbdən də sistem faktiki olaraq dağılmış vəziyyətdədir.
İndi isə bu sistemi yenidən qurmaq üçün elmi əsaslanmış, sistemli yanaşma, yüksək peşəkarlıq, bilik və savad tələb olunur. Bütün bu proseslər planlı, dərin təhlil və obyektiv meyarlarla aparılmalıdır. Yalnız bu şəkildə ali təhsildə real və dayanıqlı inkişaf mümkün olacaq”.