“Ruben Vardanyanın ailəsi və dostları onun azadlığa çıxması üçün əllərindən gələni edirlər. Onun vəkili Jared Genser bu yaxınlarda verdiyi müsahibədə ABŞ prezidentinin bu məsələdə rol oynaya biləcəyini deyib... Mənbələrimiz bildirir ki, nüfuzlu erməni fiqurları Trampın qızının əri ilə əlaqə saxlayıb, danışıqlar aparıblar. Bu məsələni həll edə bilən azsaylı şəxslərdən biri olan ABŞ prezidenti Ermənistan hakimiyyətinin ona bu təkliflə yaxınlaşacağı təqdirdə müdaxilə etməyə razılaşıb”.
Moderator.az xəbər verir ki, səhər saatlarında "Hraparak" qəzeti belə yazıb.
Məlumatda deyilir ki, guya sözügedə təklif Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts vasitəsilə Paşinyana çatdırılıb. Bildirilib ki, ABŞ prezidentinin rəsmi əsası olması üçün sadəcə bir kağız parçası lazımdır, lakin həmin təklif Ermənistan baş naziri tərəfindən rədd edilib.
“Paşinyan belə bir məktubun Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasına mane olacağını bəyan edib. Yeri gəlmişkən, Genser müsahibəsində bildirib ki, müqavilə imzalanana qədər məhbuslar məsələsi həll olunmasa, bu, sonradan mümkün olmayacaq, çünki “tərəflər beynəlxalq iddialarını geri götürəcəklər”.
“Bilirəm ki, bu məsələ ilə bağlı Paşinyanla görüşən bir sıra insanlar ona bildiriblər ki, prezident Trampın məhbuslarla bağlı Baydendən fərqli mövqeyi var, bu onun üçün prioritetdir”, - xəbərdə daha sonra deyilir.
“Prezident Tramp razılığa gəlmək imkanının olduğunu görür və o, anlayır ki, məhbuslar istər əvvəl, istərsə də eyni vaxtda bu prosesin bir hissəsi olmalıdır... Paşinyan məhbusların azad edilməsi üçün Trampı bu məsələdə təşviq etməlidir, bunu həm açıq, həm də özəl şəkildə etməlidir”, - erməni nəşrinin yazdığına görə Qarabağda Azərbaycan dövlətinə və xalqına qarşı cinayətlərinə görə 2023-cü ilin sentyabrından Bakıda həbsdə saxlanılan Ruben Vardanyanın vəkili belə deyib.