Son günlər bölgələrdə, xüsusilə Bərdə və Şəkidə mal ətinin qiymətində artım müşahidə olunur.
Hazırda 1 kiloqram mal əti 16 manata satılır ki, bu da il ərzində ikinci bahalaşmadır. Əvvəllər 14–15 manat arasında dəyişən qiymət indi daha da yüksəlib və bu, alıcıların narazılığına səbəb olub.
Bəs bölgələrdə qiymət artımı, ətin qiymətinin 20 manata qədər yüksələcəyinin göstəricisidir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, mal ətinin qiymət artımı yem məhsullarının bahalaşması və xarici bazarlardan asılılıqla bağlıdır:
“Mal ətinin qiymətində bölgələr üzrə yenidən müşahidə olunan artımın bir neçə əsas səbəbi var. Birincisi, yem xərclərinin artmasıdır. Son aylarda yem, xüsusən də arpa, qarğıdalı və yonca kimi məhsulların qiymətində artım qeydə alınıb. Bu, heyvandarlıq təsərrüfatlarının maya dəyərini birbaşa yüksəldir.
İkincisi, idxaldan asılılıqdır. Azərbaycanda ət istehsalı daxili tələbatı tam qarşılamır. Üstəlik, bəzi yem və dərman preparatları idxal olunur. Xarici bazarlarda bahalaşma ölkə bazarına da təsir edir”.
Onun sözlərinə görə, tələbin artması və bazardakı inhisarçılıq ət qiymətlərinə təzyiq göstərir:
“Ölkədə tələbin artması da müəyyən təziqlər yaradır. Yay mövsümündə toylar, mərasimlər, eləcə də turizm bölgələrində tələbin çoxalması qiymətləri yuxarı çəkir.
Logistika və bazar nəzarəti də önəmli məsələlərdəndir. Qiymətlərin bölgələr üzrə eyni anda qalxması göstərir ki, həm real xərclərin artımı, həm də topdansatış və pərakəndə bazarlarda müəyyən inhisarçılıq mövcuddur”.
Ekspert qeyd edib ki, ətin 20 manata qalxması indi real deyil, amma gələcəkdə mümkündür:
“Bakıda ətin qiymətinin 20 manata yüksəlməsi ehtimalı çox azdır. Qısa müddətdə (1-2 ay ərzində) qiymətin 20 manata qalxması gözlənilmir. Amma qış mövsümünə yaxın yem qıtlığı, idxal bazarında yenidən bahalaşma və tələbin artması davam edərsə, mərhələli şəkildə qiymətlərin 17–18 manata qədər yüksəlməsi mümkündür.
20 manat həddi isə yalnız davamlı inflyasiya və xərclərin kəskin artımı fonunda real ola bilər. Yəni indiki artım daha çox müvəqqəti dalğalanma xarakteri daşıyır, lakin bazarda ciddi nəzarət və alternativ tədarük kanalları olmadıqda, gələcəkdə 20 manata yaxınlaşmaq ehtimalı istisna deyil”.