Prezident İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri başa çatıb. Dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola salıblar. Prezidentin Çinə bir il ərzində ikinci dəfə rəsmi səfəri iki ölkə münasibətlərində strateji mərhələnin başlanğıcını göstərir. Bu səfər sadəcə diplomatik protokol deyil, həm də geosiyasi və iqtisadi baxımdan mühüm hadisədir. Çin kimi qlobal gücün lideri ilə ardıcıl görüşlər Azərbaycanın Asiya istiqamətində artan marağını və Pekinlə əlaqələrin dərinləşdiyini təsdiqləyir. Səfər Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsündə rolunun gücləndirilməsi və siyasi etimadın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Çin Cənubi Qafqazda etibarlı tərəfdaş axtarır, Azərbaycan isə balanslı siyasəti, enerji və nəqliyyat imkanları ilə bu tələblərə cavab verir. Nəqliyyat və logistika sahəsində Zəngəzur dəhlizi və Bakı–Tbilisi–Qars xətti Çin üçün Avropaya alternativ marşrut rolunu oynayır. Azərbaycanın enerji ehtiyatları Çin bazarı üçün mühüm imkan yaradır, həmçinin bərpa olunan enerji və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq da gündəmdədir. Azərbaycan üçün əsas prioritetlərdən biri Çin kapitalının qeyri-neft sektoruna yönəldilməsi, sənaye parkları və kənd təsərrüfatı sahəsinə sərmayələrin artırılmasıdır. Süni intellekt, enerji səmərəliliyi və rəqəmsal idarəetmə sahələrində texnologiya transferi də diqqət mərkəzindədir. Təhsil və mədəniyyət əməkdaşlığının gücləndirilməsi, universitetlərarası əlaqələr və tələbə mübadiləsi geniş imkanlar açır. Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycanın çoxvektorlu siyasətinin bariz nümunəsidir. Bakı Qərb, Rusiya və Çinlə paralel və balanslı əməkdaşlıq qurmaqla öz müstəqil diplomatik xəttini qoruyur. Bu isə Azərbaycanın regional sabitlik və qlobal əməkdaşlıqda etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Avqustun 31-də Tiencində keçirilən görüşdə Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin strateji tərəfdaşlığın yeni mərhələsini təsdiqləyən bəyanatlar verdilər. Si Cinpin iki ölkə arasında münasibətlərin 30 ildən artıq uğurlu inkişaf yolunu vurğuladı, əməkdaşlığın energetika, rəqəmsallaşma və nəqliyyat sahələrində genişləndiyini qeyd etdi. Prezident İlham Əliyev isə Azərbaycanın xarici siyasətində Çinlə əlaqələrin prioritet olduğunu bildirib və “Bir kəmər, bir yol” təşəbbüsündə Orta Dəhlizin səmərəliliyini xüsusi vurğulayıb. Tərəflər ticarət əlaqələrinin artdığını, vizasız gediş-gəlişin turizmə təkan verdiyini və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi qeyd etdilər. Görüşdə, həmçinin Azərbaycan–Ermənistan münasibətlərində sülhün bərqərar olunması istiqamətində irəliləyiş müsbət qiymətləndirildi. Bu görüş, həmçinin Azərbaycan-Çin münasibətlərinin yeni mərhələsini simvollaşdırır, iqtisadi əməkdaşlıq genişlənir, siyasi dəstək qarşılıqlıdır.
Siyasi şərhçi Əlisahib Hüseynov Sherg.az-a deyib ki, Azərbaycan ilə Çin arasında əlaqələr yüksələn xətlə inkişaf edir və bu əlaqələr yeni mərhələyə qədəm qoyur. Ekspert bəyan edib ki, Çin Zəngəzur dəhlizinin açılmasında xüsusilə maraqlıdır:
"Azərbaycan Çinin "Bir kəmər, bir yol" təşəbbüsündə əsas tərəfdaşlardan biridir və bu cür səfərlər nəqliyyat dəhlizləri və logistika ilə bağlı birgə layihələrin koordinasiyası üçün çox vacibdir. Çinin Zəngəzur dəhlizinin açılması prosesinə dəstək verməsi və digər şərtlər sözsüz ki, ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq və əlaqələrimizin davamlı olmasına əlavə təminatlar yaradacaq.
Çin Xalq Respublikasının sədri Si Cinpinin çıxışında ən maraqlı məqamlardan biri də budur ki, o, Azərbaycanın suveren inkişaf modelinin Çin tərəfindən dəstəkləndiyini vurğulayıb və Çinin başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiq olduğunu qeyd edib. Eyni zamanda, çinli lider vurğulayıb ki, Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün təmin olunması istiqamətində birbaşa dialoq əhəmiyyətlidir. Bu da o deməkdir ki, bizim şimal və cənub qonşularımızdan fərqli olaraq Çin rəhbərliyi Azərbaycanla Ermənistan arasında dayanıqlı, real sülhün bərqərar olmasına konstruktiv və rasional yanaşır. Çünki toksik qonşularımızdan fərqli olaraq Çin rəhbərliyi başa düşür ki, Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin bərqərar olması bilavasitə onun iqtisadi-tranzit maraqlarına cavab verir".
Analitik əlavə edib ki, Çin-Azərbaycan münasibətləri hərtərəfli strateji tərəfdaşlığa əsaslanır və bir çox sahələrdə dinamik inkişaf edir:
"Bu ölkənin rəhbərliyi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini də yüksək qiymətləndirir. Azərbaycan və Çin terrorizm, ekstremizm və separatizmlə mübarizədə səylərini birləşdirirlər. Öz növbəsində rəsmi Bakı da "Vahid Çin" doktrininə üstünlük verərək bu ölkənin ərazi bütövlüyünü dəstəkləyir. Bir-birinin daxili işlərinə qarışmamaq və ölkələrin iqtisadi inkişaf modeli üçün suveren seçim prinsiplərini rəhbər tutan Pekin və Bakı hər zaman bir-birini dəstəkləyərək iqtisadi-ticari əlaqələrin və texnoloji əməkdaşlığın inkişafına fokuslanırlar. Rəsmi Bakı hamıya mesaj verir ki, bu gün səylərimizi qarşıdurmalara yox, iqtisadi əməkdaşlığa yönəltməliyik".