"2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı sığorta vəsaiti ödənilib". Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı açıqlamada bildirilmişdi. Məlumatda deyilirdi ki, Azərbaycan aviaşirkətinə təyyarə üçün tam sığorta dəyəri – 1 milyard 3 milyon rubl (12.34 milyon ABŞ dolları) məbləğində sığorta kompensasiyası ödənilib: "15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-sının hər birinə ödənişlər tam ödənilib. Bu günə kimi təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358.4 milyon rubl (4.4 milyon dollar) sığorta ödənişi edilib".
Azərbaycan bu açıqlamanı təbii ki, təəccüblə və narazılıqla qarşıladı. Rusiya tərəfi qəsdən vurğuların yerini dəyişir, normal sığorta ödənişini kompensasiya kimi təqdim edir. Sığorta onsuz da əvvəlcədən imzalanmış müqavilə çərçivəsində ödənilməli idi, ödənilibsə, bu, adi, həm də başqa prosedurdur. Sığorta ödənişinin Azərbaycanın Rusiyadan tələb etdiyi kompensasiya ilə heç bir əlaqəsi yoxdur. Qəza baş veribsə, bunun sığortası onsuz da verilməlidir. Ancaq bəs bu, sıradan bir qəzadırm?! Yox! Bu qəzanın səbəbi var: təyyarə Rusiya səmasında yerdən raketlə vurulub. Bu da nəticədə hava gəmisinin idarəetməni itirməsinə və qəzaya uğramasına səbəb olub. Buna görə Rusiya kompensasiya ödəməlidir. Necə ki, Azərbaycan öz hərbi qulluqçularının Rusiyaya məxsus hərbi helikopteri vurmasına görə Azərbaycan Rusiyadan üzr istədi və kompensasiyanı ödədi.
Həm də fərqə baxın: Azərbaycan hərbçiləri HƏRBİ helikopteri vurmuşdu, o helikopteri ki, həmin vaxt, həmin yerdə - Azərbaycanın dövlət sərhəddinin üstündə uçmamalıydı. Rusiya isə Azərbaycanın MÜLKİ hava gəmisini - sərnişin təyyarəsini vurub. Həm də həmin təyyarənin həmin vaxt olması gərəkdiyi yerdə vurub. Bu, bir fərq. İkincisi, Rusiya hərbi helikopterində İKİ nəfər HƏRBÇİ ölüb, Azərbaycanın mülki təyyarəsində isə 38 (!) MÜLKİ şəxs həlak olub.
Bu və başqa əsaslı fərqlərə - törədilən əməllərin fərqli motivinə və fərqli nəticələrə rəğmən Azərbaycan üzərinə düşəni edib, ancaq Rusiya öz üzərinə düşəni etmir.
Bu da azmış kimi, elə bir tozanaq qoparır, sanki Azərbaycan Rusiyanın sərnişin təyyarəsini vurub. Sanki iki ölkə arasında münasibətlər həmin təyyarənin vurulmasına görə deyil, Azərbaycanda 13 rusiyalının həbsinə görə pozulub.
Bu ki lap artıq ağ oldu!
Seyid Əhmədli, Bizimyol.info