Azərbaycanda doğum statistikası narahatedici bir istiqamət götürüb. 2011-ci ildə 176 min uşaq dünyaya gəlirdisə, bu rəqəm 2024-cü ildə 102 minə düşüb. 2025-ci ilin proqnozu isə 95 min civarındadır. Bu, müstəqillik illərinin ən aşağı göstəricisidir. Müqayisə üçün qeyd edək ki, 1991-ci ildə 190 min uşaq doğulmuşdu. Yəni otuz ildə doğum sayı demək olar ki, yarıya enib.
Bu azalmanın arxasında bir neçə səbəb var. Gənclər gec ailə qurur, mənzil və kirayə problemi həll olunmayıb, şəhər həyatı çoxuşaqlı ailə modelini getdikcə çətinləşdirir. Üstəlik bu gün uşaq doğan nəsil 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlində anadan olanlardır. O dövrdə də doğum aşağı idi, ona görə potensial anaların sayı özü də azdır. Bütün bunlar üst-üstə gəlir və nəticəni ağırlaşdırır.
Bu mənzərəyə bir də dövlət dəstəyinin olmaması əlavə olunur. Azərbaycanda universal uşaqpulu sistemi yoxdur. Sovetdən sonra 2006-cı ildə uşaqpulu ləğv edildi, yerinə yalnız aztəminatlı ailələrə ünvanlı yardım gəldi. Yəni “uşaq doğdun, dövlət hər ay dəstək verir” anlayışı mövcud deyil. Bakıda bir uşağın aylıq xərcləri, bağça, paltar, dərman, qidalanma və s. 300-400 manatdan başlayır. Orta maaşın 1000 manat olduğu mühitdə ikinci, üçüncü uşağa qərar vermək ciddi bir cəsarət tələb edir. Belə şəraitdə ailə öz-özünə hesab edir və “bir uşaqla kifayətlənək” qərarına gəlir.
Dövlət bu problemi həll edə bilərmi? Büdcə baxımından – bəli. Hər yeni doğulan uşağa aylıq 150 manat verilsə, bu, büdcəyə nisbətən əhəmiyyətsiz bir yük olardı.
Ölkədə 0-18 yaş arası təxminən 2.6 milyon uşaq var. Hər birinə aylıq 150 manat versək, bu, ildə 4.68 milyard manat edir. 2025-ci ilin dövlət büdcəsi 48.4 milyard manat olduğundan bu məbləğ büdcənin təxminən 10%-nə bərabərdir.
Amma əgər sistem yalnız yeni doğulanlara və ya məsələn, 3 yaşa qədər uşaqlara tətbiq edilsə, yük xeyli azalar. Hər il təxminən 95 min uşaq doğulur. Onlara 3 yaşa qədər aylıq dövlət tərəfindən 150 manat verilsə, eyni anda sistemdə maksimum 285 min uşaq olar və illik xərc 513 milyon manata düşər – büdcənin 1%-dən bir qədər çox..
Üstəlik bu pul iqtisadiyyatın içində qalır – ailələr onu istehlaka yönəldir, bu da daxili tələbi artırır.
Rusiya, Türkiyə, Qazaxıstan və Macarıstan təcrübəsi göstərir ki, düzgün qurulmuş uşaqpulu və analıq kapitalı mexanizmi doğumu 10-20 faiz artıra bilir. Azərbaycanda da oxşar addım atılsa, 95 min olan doğum sayının 108-110 minə qalxması real görünür.
Əlbəttə, uşaqpulu tək başına demoqrafik problemi həll etmir. Mənzil, bağça çatışmazlığı, qadının iş-güc balansı, tibb xərcləri – bunlar da paralel olaraq müzakirə olunmalıdır. 150 manat uşaqpulu verib, amma kirayə 500 manat olsa, ailə yenə üçüncü uşaqdan imtina edəcək. Lakin uşaqpulunun psixoloji əhəmiyyətini də azaltmaq olmaz. Dövlət “uşağın yanında olacam” mesajı verdikdə ailə özünü daha güvəndə hiss edir. Bu güvən hissi isə qərar vermə prosesini dəyişir.
Hökumətin indiyə kimi “sui-istifadə riski” və “büdcə yükü” arqumentlərini önə çəkməsi başadüşüləndir. Lakin doğum sayı 26 ilin ən aşağı həddindədirsə, bu arqumentlər artıq yetərli cavab ola bilməz. Çünki bu tendensiya davam etsə, 15 ildən sonra məktəblərdə şagird, 20 ildən sonra ordu və iqtisadiyyat üçün işçi qüvvəsi tapmaq ciddi problemə çevriləcək. Demoqrafik böhranın qiyməti, uzun müddətdə, uşaqpulunun qiymətindən xeyli baha oturacaq.
Akif NƏSİRLİ
Globalinfo.az










