Ağdam rayonunda yaşayan, Ağdərə rayonundan köçkün düşmüş məcburi köçkün, İsrail Qurbanov əlillik dərəcəsinin təsdiqlənməsində çətinliklərlə üzləşdiyini bildirir. "DİA-AZ" xəbər verir ki, onun sözlərinə görə, iki il ərzində gözündə olan problemlə bağlı sosial müavinət alıb. Lakin Zərifə Əliyeva adına Göz Klinikasında keçirilən müayinədən sonra İsrail Qurbanova 3-cü qrup əlillik dərəcəsinin təyin olunmalı olduğu bildirilib. Bununla əlaqədar olaraq, o, Ağdam Rayon Mərkəzi Xəstəxanasında həkim komissiyasından keçib və sənədlərin Əlillərin Bərpa Mərkəzinə göndərilməsi üçün Ağcabədi Rayon Xəstəxanasına müraciət edib. Vətəndaşın sözlərinə görə, Əlillərin Bərpa Mərkəzi gözlərində problem olmasına baxmayaraq, eynək taxmaqla normal görmə qabiliyyətinə malik olduğunu əsas gətirərək onun sənədlərini qəbul etməyib. İsrail Qurbanov bildirib ki, atası Əliqismət Qurbanov birinci Qarabağ göyüşləri zamanı şəhid olub, iki övladı var və hazırda aldığı 60 manatlıq sosial müavinətlə ailəsini çox çətinliklə dolandırır. Gözündəki ciddi problemə görə işləyə bilmədiyini deyən Qurbanov şəhid övladı kimi aidiyyatı qurumlardan məsələnin ədalətli şəkildə araşdırılmasını və əlillik statusunun yenidən qiymətləndirilməsini xahiş edir.