Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı yenidən diqqətləri SOCAR strukturlarında çalışanların tibbi müayinə məsələsindəki nöqsanlara cəlb edib. Bu dəfə NHMT sədri neft çalışanı Amin Hacıyevin müraciətini ictimailəşdirib. "DİA-AZ" olaraq həmin müraciəti təqdim edirik:
ƏLAQƏDAR YAZI: SOCAR-da TİBBİ MÜAYİNƏ ŞÜBHƏSİ... - İcazə verin şübhələnək...
"Çox zəruri və yerində olan bir problemə toxunmusunuz. Əvvəla başlayaq ondan ki, əvvəlki illərdə həmin ərazidə müayinəyə gəlmiş işçilər yol kənarında öz avtomobillərini park edə bilirdilər, artıq "şükürlər olsun"... o da yox oldu. Hazırki vəziyyətdə ancaq avtobus ya taksi, bir də təyyarədən paraşüt vasitəsilə həmin ünvana enmək mümkündür... Gözləmə pəncərəsinin qarşısında 4 nəfərlik çirkli toza bulaşmış cəmi bir oturacaq var. Həkimlərin nəzakətli münasibətlərini qeyd etməsəm, günahkar olaram, buna görə çox sağolsunlar.
Tibbi avadanlıqlardan EKQ otağındakı çarpayıda 50 nəfər üçün sərilmiş 1 salfet diqqətimi çəkdi. Həmin həkimin yanında ən azından bir asistent olmalı idi ki həmin çarpayıya sərilmiş salfeti sanitariya baxımından və havaların isti olduğu üçün tərləməni nəzərə alaraq heç olmasa 10 nəfərdən sonra bir dəfə dəyişsin.
Keçək ikinci məsələyə: Şirkət hər bir işçi üçün deyilənlərə gorə illik 50 min manat məbləğində tibbi sığorta pulu ayırırdı. Sonradan aylıq əməkhaqqının 2 % məbləğində icbari tibbi sığorta pulu tutmağa başladılar. O da bilinmədi əvvəlki 50 min məsələsi ləğv olundu yoxsa o da paralel olaraq öz qüvvəsindədir. Gəldik çıxdıq illik həkim müayinəsinə. Burada da məlum olsa ki, Şirkət buna da görə əlavə pul ayırır belə çıxır dunya neftçiləri arasında tibbi sığorta sarıdan bizdən "xodgedəni" yoxdur. Görün, bizim sağlamlığımıza nə qədər yüksək dəyər verilir ki, bizə gorə bu qədər pullar maaşdan tutulur və xərclənir. Eşq olsun!
Qaldı ki, ölkədə səhiyyə bir quruma tabedirsə... bəli, niyə mən öz rayonumda sağlamlığa görə müayinədən keçə bilmərəm?"