Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yaşayan Hacıyev Mehman Mahmud oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Məktubu olduğu kimi dərc edirik:
“Mən, Hacıyev Mehman Mahmud oğlu, yazaraq səlahiyyətli qurumların diqqətinə çatdırıram ki, kürəkənim Məmmədov Ülfət Müzəffər oğlu 44 günlük Vətən müharibəsi zamanı rabitəçi qismində "N" saylı hərbi hissədən qaynar nöqtələrə ezam olunmuşdur. İşlədiyi hərbi hissə komandirinin "xidmətləri" sayəsində 2024-cü ilin iyun ayına bunu təsdiq edən sənədlər Veteranlıq komissiyasına təqdim edilməmişdir.
Məcburiyyət qarşısında qalıb prokurorluq orqanlarına şikayət etdim. Hərbi hissə komandiri bir neçə günün ərzində qanuni sənədləri Veteranlıq komissiyasına təqdim etdi.
Kürəkənimin döyüş əməliyyatlarında rabitə təminatı üzrə tapşırıqları icra etməsini təsdiq edən "Məlumat arayış"ının surətini müraciətimə əlavə edirəm.
2024-cü ilin iyun ayında Veteranlıq komissiyasında sənədlərə baxılmış, müsbət rəy verilmiş və razılaşdırılması üçün Nazirlər Kabinetinə göndərilməsi barədə qərar qəbul edilmişdir.
Amma indi də yağışdan çıxıb, yağmura düşmüşük. Belə ki, artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir. Bununla əlaqədar döymədiyim qapı qalmayıb. Döydüyüm qapılar da mənim müraciətimi fəaliyyətsizliyindən şikayət etdiyim Veteranlıq komissiyasına göndərirlər. Onlar da mənə eyni məzmunlu cavab məktubları yazmaqla kifayətlənirlər.
Belə şaiyələr gəzir ki, "ya gərək zərin ola, ya da zorun". Əsgər balalarımızın döyüş əməliyyatlarında rabitəsiz qalmamaları üçün həyatını təhlükəyə atan kürəkənim bir ananın tək oğludur. Aygün Kazımova kimilərinin Müharibə Veteranı olduğu bir zamanda artıq 5 ilə yaxındır ki, mərhəmət sorağında, gözləri yollardadır".