"Naxçıvanda su probleminin yaranmasının başlıca səbəbi "canişin" əfəndinin (Naxçıvan Muxtar Respublikasında Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli nəzərdə tutulur -red.) bu diyarda "parazitokratiya" qurmasıdır..." "DİA-AZ" xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında tanınmış araşdırmaçı jurnalist Heydər Oğuz qeyd edib.
O daha sonra aşağıdakıları bildirib: "Muxtar Respublikadakı mənbələrdən aldığım məlumata görə, ötən ilin sonlarında Araz çayından Bənəniyardakı su anbarına boruların çəkilməsi layihəsinə start verilib. Məqsəd Bənəniyyar kəndindən Çeşməbasara Nehrəmə, hətta Böyükdüz kəndinə qədər ərazilərin su ilə təchizatı imiş. "Canişin" hakimiyyəti yerli şirkətlərin "etibarsızlığını" bəhanə gətirib bu işi Bakıdan dəvət etdiyi dost şirkətlərdən birinə tapşırıb. İnsafən, paytaxtdan Naxçıvana təşrif buyuran şirkət bir müddət işləri öz qaydasında aparıb, ardınca isə boru çəkilişi dayandırıb.
Mənbələrimin bildirdiyinə görə, bu "bir atımlıq barıt"ın səbəbi "canişin" hakimiyyətinin inşaat şirkətinin boynuna qoyduğu "tas"ı qaldırması olub. "Tas" astronomik səviyyədə qaldırıldığından "dost şirkət" bu tələbi yerinə yetirə bilməyib işini səssiz-sədasız Allahın ümidinə buraxıb.
Bir sözlə, naxçıvanlı fermerlərin əkin-biçinləri kimi, ümidlərini də solduran əsas məsələ məmləkətimizin hər tərəfində böyük problemə çevrilmiş parazitokratiya rejiminin böyüdülməsindən qaynaqlanırmış. Bu yeni idarəetmə sisteminin söykəndiyi bir prinsip var: "1 nəfər işləməli, 5 parazit qazanmalı". Göründüyü kimi, bu prinsip Naxçıvanı da indiki acınacaqlı hala salıb.
Sözsüz ki, bu versiya söhbətləşdiyim yerli sakinlərin iddiasıdır. Doğru olub-olmadığını dəqiqləşdirmək mənim imkanlarım xaricindədir. Amma ümid edirəm ki, Azərbaycanda bu iddiaları dərindən araşdıra biləcək dövlət qurumları var və mən də onların araşdırmalarının nəticələrini gözləməyə məcburam.