"SOCAR Kompleks Qazma İşləri Trestinin sahə üzrə məsul şəxsləri, ölkə qanunvericiliyinə hörmətlə yanaşın, işçi qarşısında götürdüyünüz öhdəliyi yerinə yetirin!" "DİA-AZ" xəbər verir ki, bununla bağlı KQİT rəhbərliyinə xitab edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı onları tədbir görməyə, qaldırılan problemi həll etməyə çağırıb.
M.Qəhrəmanlı dünən SOCAR KQİT-in rəhbərliyi tərəindən əziyyət çıkın işçilərin gileyini də təqdim edib:
"Biz KQİT-nin işçiləri dünən vaxt dəyişməli idik. Buruğun birini dəyişdilər, 3 buruq qaldı. Dünən bizə deyildi ki, sabah səhər saat 06:30-da olun Lökbatan darəsində, avtobus gəlib sizi götürüb, sonra "20 Yanvar"a gedib, ordan da fəhlələri götürüb getməliyik Dübəndiyə.
Biz "20 Yanvar"a çatanda zəng elədilər ki, yox getməyin, gəmi hələ Neft Daşlarındadır... yük götürüb gedəcək Qərbi Abşerona, sonra gələcək Dübəndiyə.
Bu halda KQİT rəhbərliyinin diqqətinə çatdırmaq istəyirik ki, əvvəla bizə ayrılan gəmi - "Üfüq" yük gəmisi deyil, sərnişin gəmisidir. İkincisi, siz yükü insan həyatından önəmli hesab edirsiniz?
KQİT rəhbərliyi, siz bilirdinizsə ki, sizin gəminiz "Neft Daşları"ndadır, bu halda axı bu fəhlələri niyə salmısınız səhər saat 05:00-dan çöllərə?
İnsafınız olsun!!!
Sonra da dedilər ki gedin, oturun evinizdə... nə vaxt desək, onda gələrsiniz. Biz rayondan gəlirik... bizim bəyəm evimiz var Bakıda? Biz qalmalıyıq 6-7 saat günün qabağında ki görək bizi nə vaxt çağıracaqlar? Belə çıxır ki, özləri kondisonerin altında otururlar, fəhlə günün qabağında dursa da olar. Əsas işimiz getsin... Axı belə olmaz!
Rayondan gəlib gecəni oteldə keçirdirik ki səhər işə deyilən vaxtda çataq. Biz öz vəzifəmizə əməl edirik, amma siz KQİT olaraq öz vəzifənizə əməl etmirsiniz. Axı bu nə vaxta qədər belə olacaq? Hər ay gedəndə də gələndə də biz niyə problem yaşamalıyıq? Niyə işinizi düzgün idarə edə bilmirsiz? Bu fəhlələr nə vaxta qədər sizin iş başarıqsızılığınızdan əziyyət çəkməlidir? Dərdimizi kimə deyək?"