“Ümumiyyətlə, təhsil sektorunda çox acınacaqlı, xaotik və anarxik bir vəziyyət yaranıb. Burada tamamilə nəzarətsiz özbaşınalıq, qanunsuzluq hökm sürür. Özü də açıq-aşkar, günün günorta çağı hamının gözü qarşısında direktorlar atamanlıq edir, məktəblərdə sözün əsl mənasında “at oynadırlar”.
Bunu Yenicag.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
O, son dövrlər, xüsusilə paytaxt Bakıda yerləşən məktəblərin direktorların kütləvi istefası, habelə Elm və Təhsil Nazirliyinin sözügedən məsələdə hansısa addımlar atmaqdan yayınması məsələsinə münasibət bildirib.
Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi bütün bunlara baxmayaraq, vəziyyətin düzəlməsi üçün heç bir tədbir görmür:
“Əksinə, bəzi hallarda daha yaxşı direktorlar vəzifədən uzaqlaşdırılaraq, yerlərinə daha da zəif idarəçilər təyin edilir və vəziyyət daha da pisləşdirilir. Beləliklə, təhsil sahəsində biabırçı bir mənzərə yaranıb, təhsil tamamilə sıradan çıxıb. Azərbaycanda artıq real təhsildən danışmaq mümkün deyil. Məktəb binaları var, uşaqlar ora formal olaraq gedib-gəlir, müəllimlər isə başlarını girələmək üçün dərsə girir, amma real nəticə yoxdur. Təhsil prosesindən kənarda isə repetitorluq geniş yayılıb və müəllimlərin bir çoxu bunu şəxsi biznesə çevirib. Nəticədə uşaqlar məktəbdən fayda görmür, valideynlər isə övladlarına yalnız öz hesablarına təhsil verə bilir”.
E. Bayramlının fikrincə, məktəblərdə aparılan saysız-hesabsız eksperimentlər vəziyyəti daha da ağırlaşdırıb:
“Son 30-35 ildə fasiləsiz şəkildə müxtəlif “yeniliklər” adı altında aparılan təcrübələr təhsili məhv edib, kökündən dağıdıb. Məktəb adlı anlayış artıq demək olar ki, qalmayıb. Məktəbin tərbiyə funksiyası əlindən alınıb, nəticədə məktəblər xaosa çevrilib. “Şagird yönümlü təhsil” adı ilə şagirdlərə həddindən artıq səlahiyyət verilib, nəticədə onlar müəllimləri saymır, təhqir edir, ən əxlaqsız hərəkətlərə qədər yol verirlər”.
“Digər tərəfdən, məktəblərin özündə yaradılan şərait də bərbad vəziyyətdədir. İdarəetmədə xaos, dərs yükünün düzgün bölünməməsi, müəllimlər arasında rüşvət halları, valideynlərdən pul yığılması, yuxarı siniflərdə dərslərin keçirilməməsi adi hala çevrilib. Son illərdə uşaqların məktəbə münasibəti də dəyişib – çoxları formal olaraq gedib-gəlir, real təhsil isə yox dərəcəsindədir”, – deyə o, əlavə edib.
Müsahibimiz onu da diqqətə çatdırıb ki, bütün bunların nəticəsində savadsız bir cəmiyyət formalaşır:
“Tədris proqramları davamlı olaraq dəyişdirilir, imtahan qaydaları hər il dəyişir, bu da xaosu daha da artırır. Ali məktəblərə qəbul balları da vəziyyətin real göstəricisidir – abituriyentlər 100-150 balla daxil olurlar. Məktəb imtahanlarında nəticələrin 70-80 faizi aşağı qiymətlərlə ölçülür. Bu da göstərir ki, təhsil sistemi faktiki olaraq mövcud deyil. Əldə olunan nəticələr göstərir ki, hazırkı vəziyyət təsadüfi deyil, sanki qəsdən təhsil sistemini məhv etmək istiqamətində addımlar atılır. Halbuki normal çıxış yolu var: ya dünya ölkələrinin uğurlu təhsil modellərindən nümunə götürmək, ya da ən azından sınaqdan keçmiş və düzgün işləyən sovet dövrünün ənənəvi sistemini tətbiq etmək”.
“Hazırkı sistem isə əndrabadi və tamamilə uğursuzdur. Uşaqlar yalançı dərs yükləri ilə zombiləşdirilir, psixoloji cəhətdən məhv olurlar. Müəllimlərin üzərinə də hər gün yeni öhdəliklər, sertifikat imtahanları, qayda dəyişikləri yüklənir. Bütün bunlar həm müəllimləri, həm valideynləri, həm də şagirdləri boğur. Nəticə olaraq, artıq bu sistemi “təhsil” adlandırmaq çətindir. Formal olaraq məktəb binaları var, amma içəridə baş verənlər nə təhsil, nə də məktəb anlayışına uyğun gəlir”, – deyə o, fikirlərini tamamlayıb.