Bu ölkədə məşhur olmaq asandır, məsuliyyətli olmaq çətindir. Xüsusən də səhnədəsənsə, mikrofon əlindədirsə, adın “sənət adamı” kimi təqdim olunursa. Kifayət qədər tanınan Ofelya adlı müğənninin efirdə dedikləri də məhz bu məsuliyyətsizliyin açıq nümunəsidir. “O məni boşasa, ölərəm”, “yeriyən meyit olaram”, “məni unudun”- bunlar təkcə emosional cümlələr deyil, ictimai məkanda səslənən təhlükəli mesajlardır.
Bir qadının həyatını bir kişinin varlığına bağlaması nə sevgi təbliğidir, nə də sədaqət. Bu, asılılıqdır. Sənət adamı efirdə çıxıb deyirsə ki, bir insan onu tərk edərsə, həyat mənasını itirir, bu artıq şəxsi hiss deyil, tamaşaçıya ötürülən yanlış dünyagörüşüdür. Gənc qızlara nə deyilir? “Ər getdisə, həyat bitdi.” Bu, romantika yox, psixoloji zəifliyin normallaşdırılmasıdır.
Amma bu da hələ medalın bir üzüdür. Digər üzdə isə “həci”, “sevgili”, “sponsor” hesabına səhnədə qalan, sənəti yox, münasibətləri ilə gündəmdə olan müğənnilər dayanır. Onlar da başqa cür, amma eyni dərəcədə zərərli mesaj verirlər: “İstedadın yoxdursa, problem deyil, yetər ki, arxan olsun.” Bu da cəmiyyətə açıq şəkildə satılan başqa bir asılılıq formasıdır.
Bir tərəf deyir ki, “ərim olmasa, mən heç nəyəm”. Digər tərəf isə deyir ki, “mən kiminsə hesabına varam”. Forması fərqlidir, mahiyyəti eynidir: özünü yox saymaq. Hər iki tip insan sənəti ikinci plana atır, insanın dəyərini kiməsə bağlayır. Biri bunu göz yaşları ilə, digəri bahalı kliplər və süni imiclə edir. Ən acınacaqlısı isə budur ki, hər iki tip efirdə rahatlıqla təqdim olunur, alqışlanır, müzakirə edilir. Halbuki ortada sənət yoxdur, örnək yoxdur, məsuliyyət yoxdur. Səhnə şəxsi dramların nümayiş meydanı, münasibətlərin reklam vitrini olmamalıdır. Sənət adamı cəmiyyətə ya estetik zövq, ya düşüncə, ya da mövqe verməlidir. Asılılıq yox.
Bu gün biri efirdə deyir ki, “onsuz yaşaya bilmərəm”, digəri səssizcə sübut edir ki, “özüm olmadan da yaşayıram”. Nəticə eynidir özünə inamsız, dayağını başqasının cibində və ya nikahında axtaran varlıq. Və bu iki yol da cəmiyyətə eyni şeyi təlqin edir - insan özü kifayət deyilmiş kimi.
Problem kiminsə boşanması, ya da kimin kimlə münasibətdə olması deyil. Problem odur ki, səhnədə olanlar həyat dərsi verir, amma dərsin özü yanlışdır.
Leyla Mirzə, Bizimyol.info











