"Bu günlərdə konsertdə köhnə dost, gözəl ifaçı Leyla İdrisova ilə rastlaşdım. Xatırlayırsınızsa Leyla "Azəri-Star" yarışmasından populyarlıq qazanmışdı..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış yazar Vasif Ayan qeyd edib.
O daha sonra bildirir: "Bir zamanlar çox gözəl ifaları, duetləri ilə efirləri bəzəyirdi. Bayağılıq televiziyanı öz ağuşuna alandan sonra Leyla da uzun illərdir digər peşəkar həmkarları kimi efirlərdən uzaq düşdü. Özünü daha çox həsr elədi pedaqoji fəaliyyətə. Arada yeni mahnılar oxuyur. Çox gözəl ailəsi var Leylanın. Bir müddət öncə Mübariz Tağıyevin repertuarından olan "Yada sal məni" mahnısını sosial şəbəkədə paylaşmışdım. Leylanın rastına bu paylaşımım çıxmışdı. Bir neçə gün keçəndən sonra Leyla bu mahnını səsyazma studiyasında yazdırıb mənə göndərmişdi. İfası çox xoşuma gəlmişdi. İndi ara-sıra telefondan musiqilər dinləyəndə o mahnı Leyla İdrisovanın ifasında rastıma çıxır, böyük məmuniyyətlə dinləyirəm. Leyla İdrisovanın ifalarını, səsini bəyənirəm, özünəməxsus səs tembri var və ümid edirəm televiziyalara əncam çəkiləndən sonra Leyla kimi ifaçılar təkrar efirlərdə görünər".











