"Otuz il əvvəl bu şəkli Heydər Əliyev Sarayında — möhtəşəm Oleynikov və Stoyanovun konsertində çəkmişdim. O, həqiqi, səmimi, montajsız və filtrsiz gülüş axşamı idi..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış aktyor, şoumen, naşir Bəhram Bağırzadə qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Konsertdən sonra, o illərdə adət olduğu kimi, sinif yoldaşım Samir Orucev — SSRİ-nin qaz sənayesi üzrə əfsanəvi naziri Sabit Orucevin nəvəsi ilə birlikdə kulisə “baş vurduq”. Gənc, cəsarətli, xoşbəxt idik. Xatirə üçün şəkil çəkdirdik və heç düşünmürdük ki, bir gün bu kadr tariximizin bir parçasına çevriləcək.
Bu gün Oleynikov artıq aramızda yoxdur — ruhu şad olsun. Stoyanova isə möhkəm can sağlığı və uzun ömür arzulayıram.
Bizə isə fotolar, xatirələr və o qayğısız gənclik hissi qaldı — elə bir hiss ki, insan düşünürdü qarşıda sonsuzluq var..."











