Mingəçevir şəhər sakini Yaşar Məmmədov bildirir ki, 1994-cü ildə birinci qurup əlil olduğu üçün dövlət tərəfindən ona torpaq sahəsi verilib. "DİA-AZ" xəbər verir ki, ölkə Prezidentinə ünvanlanan müraciətində narazı vətəndaş haqqının bərpa olunmasını xahiş edir.
Şikayətçi deyir ki, 2010-cu ildə həmin sahə hərraca qoyulub və sahəni özü alıb. Vətəndaş deyir ki,ona məxsus olan 25 kvadratmetr sahənin çıxarışını ala bilmir.
Məmmədov bildirir ki, torpağının çıxarışını almaq üçün bütün adiyyatı qurumlara müraciət edib, lakin bu günə qədər bir nəticəsi olmayıb.
Şikayətçi iddia edir ki, rüşvət vermədiyi üçün ona yerli məmurlar tərəfindən maneçilik törədilir. Onun sözlərinə görə, Mingəçevir şəhər icra hakimiyyəti qanuni sənədlərinin verilməsinə mane olur.
O, Prezidentə müraciət edərək ona köməklik göstərilməsini xahiş edir.
***
Mingəçevir Bələdiyyəsindən verilən məlumata əsasən Mingəçevir şəhəri, Nizami küçəsi ev 12, mənzil 23-də yaşayan Məmmədov Yaşar Rəhim oğlu tərəfindən bələdiyyənin 12.08.2010-cu il tarixli, 13/3 saylı qərarı ilə şəhərin Nizami küçəsi 10 və 12 saylı binaların yanındakı ərazidən ticarət obyekti tikintisi üçün 19 m2 torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı hərracın keçirilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq hərrac və müsabiqə komissiyasına müraciət edilib.
Vətəndaş Y.Məmmədov hərracda iştirak edib. Lakin hərrac komissiyasının sənədlərini evində saxlayaraq, prosedurları davam etdirməyib. Bələdiyyə ilə Notariusda icarə müqaviləsi bağlamayıb və bu səbəbdən də öz adına Çıxarış ala bilməyib.
Y.Məmmədova dəfələrlə izah edilib ki, bələdiyyənin Çıxarış vermək səlahiyyəti yoxdur. Sənədləşmə prosedurunu gecikdirdiyinə görə, o, yenidən prosedurun başlanması üçün bələdiyyəyə müraciət etməlidir. Vətəndaş isə bu təkliflə razılaşmır, köhnə sənədlərlə Çıxarış almaq istədiyini bildirir.











