Bakı şəhəri 100 nömrəli tam orta məktəbdə direktor müavini texniki işçilərə hədə-qorxu gəlməsi və müəllimin valideynlərdən məcburi pul toplaması ilə bağlı faktlar ortaya çıxıb.
Patrulaz.az-a daxil olan məlumata görə, 100 nömrəli tam orta məktəbin Təsərrüfat İşləri üzrə direktor müavini Türanə Abbasovanın “WhatsApp” qrupunda texniki işçilərlə kobud və təhqiramiz danışığı əks etdirən səs yazısı yayılıb. O, işçilərə hədə-qorxu gələrək onlara qarşı bu ifadələri işlədib: “Axırıncı dəfə olsun ki, mənə söz qaytarasınız, əks halda dilinizi dibindən kəsərəm… O gün də demişəm, yenə də deyirəm, 5 ayaqyolu təmizləmisiz, birinizin səsi çıxardı da. İndi nə oldu, diliniz mənə çıxır?”, – deyərək direktor müavini işçiləri alçaldıb.
Bununla yanaşı, eyni məktəbdə çalışan Günel müəllimin isə “Son zəng” tədbiri üçün “11 B” sinfinin valideynlərindən 50 manat tələb etdiyi və bu məbləği verməyən valideynləri məcbur etməyə çalışması ilə bağlı yazışmalar da redaksiyamıza daxil olub.
Xatırladaq ki, Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu İctimai TV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olarəkən “Son zəng” tədbirinin təmtəraqla keçirilməsinin qadağan olduğunu bildirib. Onun fikrincə, valideyn-müəllim assosiasiyasının vəsaitləri tədbirin möhtəşəmliyinə yox, yadda qalmasına və mənalı olmasına sərf olunmalıdır. Vəfa Yaqublu həmçinin qeyd edib ki, son zəng günü şagirdlər məktəbli formasında olmalıdır.
Amma buna baxmayaraq, 100 nömrəli tam orta məktəbdə sözügedən müəllim təmtəraqlı “Son zəng” tədbiri keçirilməsi adı ilə valideynlərdən məcburi pul toplayır.