Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-də keçiriləcək parlament seçkilərindən sonra ölkənin yeni konstitusiyasının mətninin dərc olunma ehtimalını istisna etməyib. Jurnalistlərin “Əsas Qanun” layihəsinin müddəaları ilə onun tanış olub-olmaması barədə fikirlərini bildirmək xahişinə cavab olaraq, Paşinyan yeni konstitusiya layihəsi ilə tanış olduğunu və hətta müəyyən dərəcədə üzərində işlədiyini söyləyib.
“Mən konstitusiyanın dərc olunmasını dəstəkləyirəm, amma problem ondadır ki, siyasi və hökumət komandaları daxilində dövlət idarəçiliyi sistemi ilə bağlı bir neçə fundamental və vacib aspektlərlə bağlı bəzi mübahisələr var. Bu mübahisələri həll etmədən sənədi dərc etməyimizi istəmirəm”, - Baş nazir qeyd edib.
“Hraparak” qəzeti isə Konstitusiya Məhkəməsindəki mənbələrə istinadla iddia edib ki, Ermənistan hakimiyyəti seçkiqabağı dövrdə risklərdən qaçmaq üçün yeni konstitusiya layihəsinin dərcini təxirə sala bilər. Qəzet həmçinin bildirir ki, hakim partiya parlamentdə konstitusiya çoxluğu olmadan belə konstitusiya qanunlarını qəbul etməyə imkan verəcək mexanizmlər hazırlayır.
Yada salaq ki, Ermənistan hökuməti Azərbaycana qarşı ərazi iddiasının yer almayacağı yeni mətnin hələ martda dərc olunacağını vəd eləmişdi. Bəs Paşinyan nədən narahatdır?
Deputat Azər Badamovun Musavat.com-a dediyinə görə, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasına mane olan əsas məsələlərdən biri konstitusiyası ilə bağlıdır: “Azərbaycanın mövqeyinə görə, yekun sülh sazişinin imzalanması üçün Ermənistanın əsas qanunvericilik sənədində ərazi iddialarının yer almaması vacib şərtlərdən biridir. Ermənistan hakimiyyətinin də bu istiqamətdə müəyyən addımlar atmağa hazırlaşdığı müşahidə olunur. Konstitusiya dəyişiklikləri ilə bağlı müxtəlif təşəbbüslər irəli sürülsə də, proses hələ yekun mərhələyə çatmayıb. Paşinyanın açıqlamalarından da görünür ki, konstitusiya layihəsi üzərində iş davam edir, lakin sənədin ictimaiyyətə təqdim olunması hələlik gecikir. Rəsmi izaha görə, bunun səbəbi hökumət daxilində dövlət idarəetmə sistemi və konstitusiyanın bəzi fundamental müddəaları ilə bağlı mövcud fikir ayrılıqlarıdır. Paşinyan bildirib ki, layihə üzərində müəyyən iş aparılıb, lakin hələlik siyasi və hökumət komandası daxilində tam razılaşma formalaşmayıb. Bu isə yeni konstitusiyanın dərcini və ictimai müzakirəyə çıxarılmasını ləngidir”.
Deputatın fikrincə, burada əsas məsələ təkcə texniki və hüquqi mübahisələr deyil, həm də siyasi risklərdir: “Qarşıdan gələn seçki prosesi fonunda konstitusiya kimi həssas bir mövzunun gündəmə gətirilməsi daxili siyasi balansı poza bilər. Bu səbəbdən hakimiyyət prosesə ehtiyatla yanaşır və mərhələli şəkildə irəliləməyə üstünlük verir”.
Parlamentari hesab edir ki, digər mühüm faktor isə regiondakı geosiyasi vəziyyətdir:
“Azərbaycan uzun müddətdir ki, Ermənistan konstitusiyasında keçmiş münaqişəyə və ərazi iddialarına dair hər hansı dolayı istinadların çıxarılmasını tələb edir. Bu da prosesi həssaslaşdıran amillərdən biridir. Nəticə etibarilə, Ermənistanın yeni konstitusiya prosesi təkcə hüquqi islahat deyil, həm də daxili siyasi güc balansı və regional münasibətlər fonunda strateji əhəmiyyət daşıyan bir proses kimi çıxış edir. Buna görə də sənədin ictimaiyyətə təqdim olunmasının seçkilərdən sonra baş tuta biləcəyi ehtimal olunur. Əgər Paşinyan seçkilərdən sonra yenidən siyasi legitimlik qazanaraq bu məsələni həll edərsə və sülh müqaviləsinə hazır olduğunu rəsmən bəyan edərsə, bu, onun üçün ciddi siyasi nailiyyət kimi qiymətləndirilə bilər”.








