Gəncə Dövlət Universitetinin bir qrup müəllimi maaş azlığından və rektor Yusif Yusivovun özbaşınalığından şikayət ediblər. Buxeber.com-a GDU-nun bir qrup əməkdaşının imzası ilə daxil olan müraciətdə deyilir ki, dərs dedikləri universitet özünü maliyyələşdirən qurum olduğu üçün əmək haqları artırılmır.
GDU işçiləri bununla bağlı təhsil naziri Emin Əmrullayevə müraciətkərində yazırlar ki, GDU-nun rektoru Yusif Yusibov müəllimlərin maaşlarını qaldırmır. “Universitetin büdcəsini təmir və müxtəlif layihələr adı altında mənimsəyirlər. Bizdə 20 ildən çox stajı olan dosentlər 810 manat, laborant heyəti isə 350-400 manat həddində maaş alır. Siz deyin, indiki şəraitdə bu maaşla biz necə dolanaq?”
Şikayətçilər nümunə kimi, Azərbaycan Texnologiya Universitetini göstəriblər. “ATU-da də saxta təmirlər və şişirdilmiş büdcə xərcləri olmadığı üçün maaş bizdən çox yüksəkdir. Dəfələrlə sosial şəbəkələrdə və saytlarda bu haqda yazılıb. Lakin rektor özünü özbaşına hiss etdiyindən bildiyini edir. Siz təhsil nazirisiz, biz cənab Prezidentə də yazmışıq, niyə gözləmə mövqeyi tutursuz, ay Emin müəllim? Bəs, bu müəllimlər kimə dərdlərini desinlər? Nə vaxt baxacaqsız bu kasıb müəllimlərin şıkayətinə?”
Müraciətdə qeyd edilir ki, artıq müəllimlər dilənmək zorundadır. “Az miqdarda verilən məzuniyyət pulunu da heç yana getmiyə-getmiyə Gəncədə xərcləyib qurtarmışıq. Bəs, bizim istirahət hüququmuz yoxmudur? Biz də dənizə, və ya başqa istirahət mərkəzlərinə getmək istəyirik”.
GDU-nun işçiləri yazırlar ki, Yusif Yusibovun rektor olaraq ümumiyyətlə qəbul günü yoxdur. “Dərdimizi deməyə yer tapa bilmirik. Biz də insanıq. Bizim də yaxşı yaşamaq haqqımız var. Və siz nazir olaraq, bunca qanunsuzluğa rəğmən, Yusif Yusibovun qulağından tutub, niyə çölə atmırsız? Artıq onun qardaşı da vəzifədə deyil ki, bu qulduru müdafiə etsin”.
Buxeber.com