İranlılar molla rejimindən çox narazıdır (yəni bu, sadə narazılıq deyil, hər bir ölkənin əhalisinin xeyli hissəsi hökumətdən bu və ya digər şəkildə narazıdır). Amma ABŞ və İsrailin çağırışı, hətta dəstəyi ilə inqilab da etmirlər (ayrı-ayrı qrupların vaxtaşırı üsyan etməsini bizə elə göstərirdilər ki, guya az qala bütün İran ayağa qalxıb – yalan imiş!). Molla rejiminin amansız repressiyalarından qorxurlar? 70-ci illərdə şahın repressiv apparatı az qəddar deyildi, amma iranlılar inqilab edib onu devirdilər.
İki əsas səbəb var: 1) rejimin ədalətlilik səviyyəsi; 2) ABŞ və İsrailə etimad.
1. Molla rejimi bütün mənfilərinə rəğmən daha ədalətlidir. Yəni pis-yaxşı qanunçuluq, iqtidasi hüquqların (mülkiyyət və s.) təminatı mövcuddur. İqtisadi inhisarçılıq yoxdur. Hətta məhdud siyasi hüquqlar da var: hər kəs seçkiyə buraxılmasa da (bu və ya digər şəkildə hər bir ölkədə bu məhdudiyyət var: guya ABŞ-da pulun olmasa, seçkidə iştirak edə bilərsən?), seçkilərin özündə əsasən saxtakarlıq olmur. Siyasi elita özünü xalqdan çox da fərqləndirmir, hətta müharibədə övladları ilə bərabər ölümə də gedir. Şahın rejimi isə tipik Şərq diktaturası idi. Məsələn, əfqanlar da yenidən Taliban iqtidarını ona görə qəbul etdilər ki, onlar daha ədalətlidir. ABŞ-ın Əfqanıstanda qurduğu dövlət isə tipik Şərq diktaturası idi. İrandakı molla rejimi, Əfqanıstandakı Taliban rejimi fərdi diktatura deyil. Necə ki, SSRİ-də Stalindən sonra fərdi diktatura yox idi. Sinqapurda, Çində, Səudiyyə Ərəbistanında, BƏƏ-də də belədir. Fərdi diktatura olmayan ölkədə isə qanunçuluğun səviyyəsi daha yüksək olur, çünki məhdud da olsa siyasi rəqabət var. Sadə insanı dövlətin ideologiyası az maraqlandırır: klerikalizm, kommunizm, liberalizm, hətta lap faşizm olsun. Sıravi vətəndaşı qanunçuluq maraqlandırır.
2. İranlılar İsrailə və ABŞ-a etimad etmir. Niyə? Çünki 50-70-i illərdə şahın əsas repressiv qurumu olan SAVAK ABŞ və İsrailin birbaşa təlimatı və dəstəyi ilə İran müxalifətçilərinin (respublikaçılar, liberllar, kommunistlər, dindarlarlar, milli azlıq nümayəndələri və s.) başına oyun açırdı. SAVAK təqiblər, həbslər, amansız işgəncələr, qəttlər (o cümlədən xaricdə) və digər qəddar tədbirlər üzrə çox mahir idi. Amma bu mahirliyin müəllimi əvvəlcə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi, 60-cı illərin əvvəlindən isə İsrailin MOSSAD-ı idi. Sonuncunun rolu xüsusilə əhəmiyyətli idi: onlar iranlı həmkarlarına hitlerçilərin amansız metodları üzrə təlim keçirdilər. Xatırladıram ki, həmin dövrdə İsrailin əsas düşmənləri ərəb dövlətləri idi. Buna görə də ABŞ və İsrail İrandan ərəb dövlətlərinə qarşı istifadə edirdilər (indi isə əksinə ərəblərdən İrana qarşı istifadə edirlər). Buna görə də şahın iqtidarını hər hansı müxalifətdən qorumağa çalışırdılar. Təsadüfi deyil ki, hazırda rəsmi Vaşinqton Pəhləvini dəstəkləməkdən çəkinir. Amma iranlılar yenə də nə ABŞ-a, nə də İsrailə inanmırlar. ABŞ və İsrail İranda demokratik rejimin bərqərar olmağını istəyirsə, niyə vaxtilə bütün demokratik qüvvələrin məhv edilməsində şaha tam dəstək vermişdilər? Elə bunun nəticəsində İranda molla rejimi quruldu. Ümumiyyətlə, İranın xüsusilə İsrailə mənfi münasibətinin mahiyyətini başa düşmək üçün sadəcə SAVAK haqda İnternetdə kiçik araşdırma aparın, hər şeyi başa düşəcəksiz. Netanyahu indi iranlılara çox şey vəd edə bilər, amma tarixi faktlar əksini deyir...
Müəllif: Əkrəm Həsənov - Mənbə: "DİA-AZ"











