TƏBİB-lə narazı stomatoloqlar arasında razılıq əldə olunub.
Teleqraf xəbər verir ki, bu gün 40-a yaxın stomatoloq TƏBİB-in binasında toplaşaraq, bəzi məsələlərin aydınlaşmasına səy göstəriblər.
Ağcabədi rayon Mərkəzi Xəstəxanasının həkim-stomatoloqu Üzeyir Seyidzadə jurnalistlərə açıqlamasında stomatoloqların etirazına səbəb olan məsələlərə TƏBİB nümayəndələri tərəfindən aydınlıq gətirildiyini bildirib: “Bizə bölgələrdə rəhbərlik tərəfindən səhv məlumat verilmişdi. Və bu da bizim etirazımıza səbəb olmuşdu. Deyilmişdi ki, bölgələrdə aylıq 1200 manat pul ödənilməlidir. Biz də 40-a yaxın həkim bu məsələni aydınlaşdırmaq üçün TƏBİB-ə gəldik. Bizi çox yaxşı qarşıladılar, müavinlər burada idilər, danışdılarımızda xoş keçdi. 40-a yaxın həkimin hər birini dinlədilər.
Şəxsən mən bir bölgə həkimi olaraq aylıq 1200 manatı ödəyə bilmərəm. Təchizatımız yoxdur. Onlar da söz verdilər ki, hər şey qarşılanacaq. Məlum oldu ki, söhbət 1200, 1800 manatdan getmirmiş. Məsələ bu imiş ki, həkimlər minimum da olsa işləməlidirlər ki, TƏBİB onları saxlaya bilsin. Onların mübarizəsi pasiyenti, xəstəsi olmayan həkimlərlədir. TƏBİB özü-özünü maliyyələşdirən qurumdur. Onlar istəyirlər ki, xəstəsi olmayan həkimləri işdən uzaqlaşdırsınlar. Biz də dedik ki, rayonda aylıq 1200 manat ödəməyimiz mümkün deyil. Bizdən sadəcə ay ərzində 15-20 xəstə qəbul etdiyimizə dair qəbz göstərmək tələb olunur ki, TƏBİB bizi işdə saxlaya bilsin. Burda məsələ ay ərzində xəstəsi olmayan həkimlərin işdən uzaqlaşdırılmasıdır”.
Hacıqabul Mərkəzi Xəstəxanasının həkim-stomatoloqu Taleh Ağamalıyev də jurnalistlərə açıqlamasında eyni şeyi deyib.
“Hacıqabul Mərkəzi Xəstəxanasının stomotoloqları adından çıxış edirəm . Vətən müharibəsində öndə olan həkimlərdən biriyəm. Dövlətim bu günə qədər hər şeyi qarşılayıb. Bu gün TƏBİB-in rəhbər heyəti bizi qarşıladı. Araz müəllimə də Anar müəllimə də təşəkkür edirəm. Real vəziyyəti bizə izah etdilər. Bir həkim gün ərzində 10 xəstə qəbul edir. Ancaq bir dənə iki xəstəni yazır ora. Bir xəstədən 5 manat alırıq. Məsələ budur. Stomatoloq ay ərzində 50 xəstə qəbul edir, onun ikisini qeydiyyatdan keçirirsə, belə olmaz. Hər kəs bütün xəstələrini qeydiyyatdan keçirməlidir.
Bəzi həkimlər bunu etmədiyi üçün bu qərar verilib. İşləməyənlər ay ərzində iki xəstə qəbul edir. Bunun üçün tədbir görüləcəyi deyildi. Bildirdilər ki, məqsəd həkimlərin düzgün işləməyini təmin etməkdir. TƏBİB bizə dedi ki, aylıq 1200-1800 manatlıq tələb məsələsi yoxdur”.
***
14:44
Bir qrup stomatoloq TƏBİB-in qarşısında etiraza hazırlaşır.
Teleqraf-ın hadisə yerində olan müxbiri xəbər verir ki, hazırda TƏBİB-in binasında stomatoloqları bir otağa yığıblar və bayıra, media nümayəndələrini də içəri buraxmırlar. Belə görünür ki, içəridə nəsə bir razılığa gəlinib. Stomatoloqlardan biri TƏBİB rəsmiləri ilə birlikdə bayıra çıxıb media nümayəndələrinə “bizim işimizə çətinlik yaradırsınız, heç bir aksiya yoxdur” deyib.
Stomatoloqun sözlərinə görə, bu sadəcə vətəndaş qəbuludur və müzakirələr aparılır. “Biz öz aramızda məsələni həll edəcəyik”, stomatoloq media nümayəndələrinə bildirib.
İçəridəki stomatoloqlardan biri pəncərədən media nümayəndələri ilə danışıb, onları bayıra buraxmadıqlarını bildirib. Stomatoloqun sözlərinə görə, onlara bayıra çıxsanız otağa qayıda bilməzsiniz deyilib.
Stomatoloqların şikayət müraciətini yayan stomatoloq Tural Mirzəyev isə Teleqraf-a bildirib ki, hazırda 300-dən çox stomatoloq TƏBİB-in binasının qarşısına yollanıb və onlar etiraz yığıncağı keçirmək niyyətindədirlər.
Qeyd edək ki, hazırda TƏBİB-in binası qarşısında media nümayəndələri ilə yanaşı polis də var.
****
14:05
"TƏBİB son zamanlar xidmət keyfiyyətinin, iş şəraitinin yaxşılaşdırılması üçün stamotoloji müəssisələrdə monitorinqlər aparıb".
Teleqraf xəbər verir ki, bunu TƏBİB-in department rəhbəri Zamirə Ədilova stomatoloqların qurumun binasında keçiridiyi aksiya zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 149 adda stomatoloji xidmət göstərilir.
Qurum rəsmisinin sözlərinə görə, son dövrlər həm fiziki formada, həm də sosial mediadan iradlar daxil olur:
"Bu iradlar araşdırıldı və həm regionlarda, həm də Bakıda monitorinqlər aparıldı. Monitorinqlər zamanı aydın oldu ki, maliyyə məsələsində şəffaflıq təmin edilməyib.
Bundan sonra da aparılacaq monitorinqlərdə xidmətə vurulan zərərlər araşdırılacaq və aradan qaldırılacaq. Stomotoloqların hər biri ilə danışıq aparılacaq. Hələki müzakirə mərhələsindəyik. Hazırda konkret rəqəm, plan və ya qərar yoxdur. İstənilən qərar ədalətli olacaq və maliyyə məsələsi tam şəffaflaşdırılacaq. Bütün qərarların hüquqi və iqtisadi əsaslandırılması var. Şəraiti yaxşı olmayan stomatoloji kabinetlər də ola bilər. Belə kabinetlərin hər biri araşdırılır və müvafiq tədbirlər görülür. Onlar üçün həm şərait yaradılır, həm də əməkhaqqı verilir. Bir çox stomatoloji kabinetlərin yenilənməsinə start verilib".