“İntihar etmək üçün ona nəzarət edən bacısının gözündən yayınıb, evin qapısını bağlayaraq intiharını gerçəkləşdirib”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədri, Milli Məclisin deputatı Razi Nurullayev bildirib.
Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə deputatın dəfn mərasimində iştirak edərək, prokurorluqdan qabaq ölüm hadisəsinin intihar olması ilə bağlı əvvəlcədən məlumat verməsinə dair iddialar yayılmışdı. Bu iddiaları araşdırmaq üçün Razi Nurullayevlə əlaqə saxladıq.
İmişli rayonunu Milli Məclisdə təmsil edən deputat sözügedən hadisəsinin motivlərini danışıb:
“Bəli, qız özünü asıb. Mən gedənə qədər də hüquq-mühafizə orqanları, prokurorluq əməkdaşları o evdə olmuşdu. Uşağın valideynləri qeyd edib ki, bir neçə dəfə qız özünü asmağa cəhd etmişdi, biz onunla söhbət aparıb danışmışıq. Bacısının da gözü onun üzərində idi, amma yenidən bu fikrə düşüb. Bacısı bundan şübhələnib, amma qız bacısını yayındıra bilib. Çöldən qapıları da bağlayıb ki, heç kim gələ bilməsin. Bundan sonra gedib özünü asıb”.
Deputat bildirib ki, məhz bu səbəbdən valideynləri heç kimdən şübhələnmir:
“Valideynləri də heç kimdən şübhələnməyə ehtiyac duymur. Çünki ortada şübhəli məqam yoxdur. Babası da bunu təsdiq etdi, mən də buna görə paylaşım edib başsağlığı verdim. Burada aydın olmayan heç nə yoxdur”.
Deputat haqqında yazılan qaralama kampaniyası haqqında söz açıb:
“İndi kim nə isə yazıb mənim haqqımda, məndən nə üçün istifadə etmək istəyirsə, bu, onların siyasi savadsızlığının nəticəsidir. Hər kəs, xüsusən də bir çoxları xaricdə oturub məsuliyyət hiss etmir. Düşünürlər ki, heç kim onlara “gözün üstə qaşın var” deməyəcək. Ağzına gələni yazıb, feyk məlumat paylaşır və insanları yanlış şəkildə yönləndirirlər. Onların öz ətrafında olan, onlarla eyni cür düşünən bir çox insanlar da hər yerdə eyni cür şərhlər yazırlar. Onlar üçün həqiqət maraqlı deyil, onlar üçün konkret adamları tənqid etmək maraqlıdır. Ona görə də bunlara fikir verməyə dəyməz”.
Qeyd edək ki, İmişlidə 15 yaşlı qızın meyiti tapılıb. 9-cu sinif şagirdi Mütəllimova Türkanın meyiti mayın 16-da yaşadığı evin həyətində yerləşən yarımtikilidə aşkar edilib.