Ukrayna savaşının yekun nəticələri indi strateji əhəmiyyət daşıyır. Bu məsələ indi həm MDB məkanını, həm də bütün dünyanı ciddi şəkildə düşündürməlidir. Çünki Ukrayna hazırda Rusiya neoimperializmi qarşısında əsas müqavimət platsdarmına çevrilməyə başlayıb. Bu ölkənin məğlub olması rus neoimperializminin önündəki əsas əngəli qaldırmış olacaq. Və bu halda, Kreml yalnız MDB məkanında deyil, bütün dünyada yeni kataklizmlər törədə bilər.
Onu qeyd etmək lazımdır ki, Kremlin "iştah dişi" çox itidir. Rusiyanın işğal planlarının demək olar ki, sərhədləri yoxdur. Tarixən rus imperializmi ətrafında olan bütün əraziləri, ölkələri işğal etmək vərdişləri ilə xarakterizə olunub. Elə indi də Kremldə olanların siyasi-ideoloji təfəkkürü qətiyyən dəyişməyib. Əksinə, son vaxtlar daha da aqressivləşiblər, bütün dünyanı təhdid etməyə başlayıblar. Və postsovet məkanı indi Rusiyanın əsas hədəflərinə daxildir.
Məsələ ondadır ki, Kremlin "düşünən beyni" Aleksandr Duqin Ukrayna savaşının yeni Rusiya imperiyasının yaradılmasının açarı olduğuna eyham vurub. Üstəlik, bu "qaranlıq ideoloq"un neoimperialist "fəlsəfə"si Rusiya siyasi dairələrinin keçmiş SSRI-nin dağılmasının "qeyri-qanuni akt" olması barədə absurd və məntiqsiz iddialarına paralellik təşkil edir. Və bu, o deməkdir ki, Kremlin yeni imperiya planları həqiqətən də mövcuddur.
Digər tərəfdən, Aleksandr Duqin Rusiya siyasi dairələrinin imperiya təsəvvürlərindən belə, irəli gedir. Çünki bu şəxs yeni imperiyanın siyasi-hüquqi subyektləri olmayacağını, Kreml mərkəzli qurulacağını bildirir. Yəni, Kremlin "qaranlıq ideoloqu" keçmiş SSRI-nin deyil, məhz çar Rusiyasının bərpasına yönəlik eyhamlar vurur. Və bu niyyətin nə qədər təhlükəli olduğunu isə elə indidən təsəvvür etmək çətin deyil.
Belə anlaşılır ki, Kremlin "fəlakət carçısı" MDB məkanına "xalqların yeni həbsxanası"nı vəd edir. Üstəlik, nə qədər qəribə də olsa, həm keçmiş SSRI-nin bərpasından danışan rus siyasətçilər, həm də Aleksandr Duqin hazırda müstəqil olan postsovet ölkələrinin, eləcə də, onların xalqlarının mövqeyini nəzərə almaq niyyətində deyil. Yəni, rus neoimperialistlər tarixən vərdiş etdikləri kimi, zorakı işğalçılıq ilə Rusiyaya yeni sərhədlər cızmaq planları qurublar. Və bu, bütün postsovet məkanı üçün əsl fəlakət ssenarisi deməkdir.
Ancaq Aleksandr Duqinin və digər rus neoimperialistlərin nəzərdən qaçırdığı bir önəmli məqam mövcuddur. Belə ki, indi 21-ci əsrdir, müasir dünyada çar Rusiyasının və yaxud da keçmiş SSRI-nin işğalçılıq yolu ilə qurulduğu dövrlərin şərtləri işlək deyil. Kreml postsovet məkanında zorakılığa əl atarsa, Rusiya böyük bir müqavimət dalğası ilə qarşılaşa bilər. Və bu müqavimət dalğasının Rusiyanın Ukrayna savaşı ilə bağlı üzləşdiyindən daha genişmiqyaslı olacağı qətiyyən şübhə doğurmur.
Məsələ ondadır ki, çar Rusiyasının və yaxud da keçmiş SSRI-nin yaradıldığı dövrlərdə əsarət altına alınan xalqların müqavimət potensialı demək olar, yox idi. Ancaq indi həmin xalqların müstəqil dövlətləri mövcuddur, öz orduları var. Eyni zamanda, postsovet ölkələri Rusiyanın əsarətindən kənar dünyanın daha modern olduğunu bilirlər. Hər bir postsovet dövləti müxtəlif səviyyələrdə dünyaya inteqrasiya olunmağa da imkan tapıb. Və bu yeni geopolitik sistemi dağıdaraq, daha bir rus imperiyasının uydurulması indi orta əsrlər dövründə olduğu kimi asan deyil.
Uydurma imperiya planları quran Aleksandr Duqin və onun kimi "fəlakət carçıları" çar Rusiyasının, eləcə də, keçmiş SSRI-nin daxilində yaşanan davamlı narazılığı, etiraz hərəkatlarını da xatırlasalar yaxşı olar. Çünki müavinət potensialı zəif olsa da, xalqların azadlıq mübarizəsi həm çar Rusiyasının, həm də keçmiş SSRI-nin dağılmasını təmin etdi. Və hazırda mövcud Rusiya ilə müasir postsovet dövlətləri arasında ümumi qüvvələr nisbəti Kremlin xeyrinə deyil.
Digər tərəfdən, müasir dünya da Rusiyaya yeni "şər imperiyası" qurmağa imkan verməz. Kremlin postsovet ölkələrinə qarşı işğalçılıq planları işə salınarsa, ilk növbədə ABŞ və Qərb dərhal həmin müstəqil dövlətlərə genişmiqyaslı dəstək verməyə başlayacaq. Kremldə artıq indidən əmin ola bilər ki, həmin dəstəyin səviyyəsi hazırda Ukraynaya olanın belə, üzərinə çıxacaq. Hər halda, Qərbdə artıq bu məsələdə müəyyən təcrübəyə və təsəvvürlərə malikdirlər. Və üstəlik, Rusiya neoimperializminin postsovet məkanından sonrakı hədəfinin məhz Avropa ölkələri olacağını da bilirlər.
Nəhayət, Kreml Rusiyanın Ukrayna üzərində hərbi qələbə qazandığı qənaətinə gəlməkdə də əslində, çox tələsib. Kremlin son törətdiklərindən sonra ABŞ və Qərbin Rusiyaya Ukrayna üzərində qələbə şansı tanıyacağı artıq o qədər də inandırıcı görünmür. Böyük ehtimalla Rusiya iqtisadi cəhətdən çökdürülməklə yanaşı, həm də texnoloji blokadaya salınacaq. Nəticədə Rusiya həm Ukrayna savaşında məğlub edilərək zəiflədiləcək, həm də müasir dünyadan qoparılaraq, orta əsrlər dövrünə qaytarılacaq. Və bu baxımdan, Kremldə yeni "şər imperiyası" qurmaq planları əvəzinə, Rusiyanı gözləyən "qaranlıq tunel" barədə düşünsələr daha yaxşı olardı.
Əslində, Rusiya hətta Ukrayna savaşında qalib gəlsə belə, bu, onun üçün yeni "fəlakətin qapıları"nı aça bilər. Çünki müasir dünya Rusiyanın qələbəsi ilə qətiyyən barışmayacaq. Qərb siyasi dairələri dünyanın yeni SSRI ilə üzləşməməsi üçün Rusiyanın blokadasını dağıdıcı həddə qədər dərinləşdirmək məcburiyyətində qalacaq.
Eyni zamanda, Rusiyanın daxili xaosa düçar olaraq, dağılması üçün bütün resursların hərəkətə gətiriləcəyi qətiyyən şübhə doğurmur. Bu səbəbdən də, Kremlin postsovet məkanını işğal ilə hədələmək əvəzinə Ukraynadan Rusiya ordusunu çıxarmaq, bütün dünya ilə barışmaq, sülh şəraitində inkişaf etmək barədə planlar qurması lazımdır. Əks halda, hazırda yeni "şər imperiyası" niyyətinə düşən Rusiyanın özünün dağılma mərhələsinə keçə biləcəyi də qətiyyən istisna deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"