Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın vaxtlarda Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsinin elan ediləcəyini bildirib. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova qeyd etmişdi ki, Rusiya Ukrayna ilə bağlı memorandum hazırlayacaq, orada müharibənin dayandırılması üçün şərtlər və mümkün müddətlər göstəriləcək. Lakin az qala iyunun 2-də Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda görüşəcəyini elan edən Rusiya hələ də bu sənədi göstərə bilməyib.
Ukraynalı analitik Taras Zaqorodnıyın fikrincə, Rusiya Prezidenti Vladimir Putin hakimiyyətdə olduğu müddətdə yekun razılaşmalar olmayacaq: “Yenə də ötən dəfə olduğu kimi, məsələn, əsirlərin dəyişdirilməsi və digər humanitar məsələlərlə bağlı bəzi neytral qərarlar ola bilər. Amma bu maksimumdur. Fakt budur ki, ruslar indi təzyiq altındadır. Onlardan rəsmi sənəd - hamının danışdığı memorandumu təqdim etmələri tələb olunur. Və bunun fonunda ruslar manipulyasiya ilə məşğuldurlar. Onlar rəsmi olaraq nəyisə təqdim etmək və ya imzalamaq istəmirlər. Ona görə də indi bu sənədləri İstanbulda təhvil verməyi təklif edirlər və orada yenidən vaxtı uzatmağa başlaya bilərlər”.
“Niyə belədir? Çünki onlar aydın başa düşürlər ki, bu, mahiyyətcə etiraf olacaq. Hamı başa düşür ki, sözügedən memorandum Putinin əvvəllər səsləndirdiyi bəyanat və tələblərdən heç bir şəkildə fərqlənməyəcək. Bu isə mütləq Qərbi qəzəbləndirəcək. Ona görə də ruslar nə Avropaya, nə də ABŞ-a sona qədər heç nə göstərməyi planlaşdırmırlar”, - Zaqorodnıy vurğulayıb.
Politoloq qeyd edib ki, Vaşinqton Moskvanın bu davranışlarına qarşı addım atmalıdır: “ABŞ Prezidenti Donald Tramp hazırda xüsusilə ictimaiyyət və media tərəfindən təzyiq altındadır. Onu demək olar ki, birbaşa zəif adlandırırlar. Ona görə də Rusiyadan neft alan ölkələrə 500 faiz rüsum tətbiq etmək variantından imtina etmək olmaz. Xüsusən də Çin bunun müqabilində birbaşa ABŞ və ya Səudiyyə Ərəbistanından neft almağa başlayarsa. Bununla paralel olaraq birbaşa Ukrayna və Avropadan təzyiqlər edilməlidir. Bizdən - Novorossiyskdəki limanların blokadası və Avropadan - Baltik dənizində məhdudiyyət tətbiq edilməlidir. Belə olan halda söhbət Rusiya ilə necə razılığa gəlməkdən yox, Moskvanın Ukraynadan qoşunlarını nə qədər tez çıxarmasından gedəcək. Axı Rusiyanın ticarət dövriyyəsinin 80 faizi bu iki dənizdən keçir. Əslində bu, onlara hər yerdə nəfəs kəsməyə imkan verəcək. Bundan əlavə, belə ssenariləri həyata keçirmək üçün Avropadan aydın hərəkətlər lazımdır. Onlardan gələn son sanksiyalar paketi heç də tutarlı deyil. Axı sanksiya elan edən ölkələrin daxili sularından Rusiya tankerlərinin keçməsini qadağan edən heç bir bənd yoxdur. Və belə bir bəndin növbəti elan ediləcək sanksiya paketdə yer alacağı dəqiq deyil”.
“Lakin Avropanın başqa bir təsir rıçaqı var - müxtəlif bəhanələrlə rus tankerlərini dayandırmaq. Məsələn, sənədlərin olmaması, dənizdə ekoloji problemlər və s. adı ilə tankerlərə maneə yaradıla bilər. Bunun üçün yeni sanksiyalara belə ehtiyac yoxdur. Avropanın əlində əsası var, sadəcə siyasi iradə lazımdır”, - analitik fikrini tamamlayıb.
ayna.az